İSİM-də keçirilən Demoqrafiya və Sağlamlıq Sorğusu üzrə təlim başa çatdı | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

12 JULY 2011

İSİM-də keçirilən Demoqrafiya və Sağlamlıq Sorğusu üzrə təlim başa çatdı

2011-ci il iyunun 29-dan etibarən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) keçirilən Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq Sorğusu (DSS) üzrə təlim iyulun 12-də başa çatdı.

Təlimi İSİM-in əməkdaşları Töhfə Cəmilova, Səidə İsmayılova, Əsvəd Qəbul-zadə və DSS-2006-nın təlimçisi Nailə Məmmədova apardılar. Təlim əsnasında intervüyerlərə DSS-in icmalı, layihənin məqsəd və vəzifələri, administrativ məsələlər, təlimin qaydaları, təlimatdan istifadə etmək üsulları barədə məlumat verildi. Həmçinin intervünün aparılma qaydaları ilə tanış olan iştirakçıları maraqlandıran suallar təlimçilər tərəfindən cavablandırıldı. Təkliflər dinlənildi.

İyulun 13-dən başlayaraq, 4 gün ərzində sahə təlimi keçiriləcək. Sahə təlimi Abşeron və Binəqədi rayonu üzrə seçməyə düşməyən 2 şəhər və 2 kənd klasterində aparılacaq. Pilot Sorğunun 72 iştirakçısından bir neçə testin nəticəsinə və təlim zamanı özünü göstərmə bacarığına əsaslanaraq, 60 nəfəri sorğuda iştirak üçün seçiləcək. Səyyar sorğu işlərinin isə avqust-oktyabr aylarında aparılması nəzərdə tutulur. Nəticələr səhiyyədə, təhsildə və demoqrafik siyasətdə rast gəlinən problemlərin həlli üçün vacib əhəmiyyət daşıyır.

DSS-in keçirilməsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə (SN) həvalə olunub.

SN-in əmrilə DSS-in 2011-ci ildə keçirilməsilə bağlı tədbirlərin hazırlanaraq icra olunması məqsədilə, aidiyyəti dövlət qurumlarının nümayəndələri daxil edilməklə, işçi qrup (İQ) yaradılıb, DSS-in keçirilməsilə bağlı tədbirlərin əlaqələndirilməsi və icrası SN-in İctimai Səhiyyə və İslahatlar Mərkəzinə tapşırılıb.