İSİM-in əməkdaşları “Ailə planlaşdırılması xidmətlərindən istifadənin qiymətləndirilməsi” layihəsinin həyata keçirilməsilə əlaqədar Serbiyanın Belqrad şəhərində keçirilən təlimdə iştirak etdilər | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

12 JULY 2011

İSİM-in əməkdaşları “Ailə planlaşdırılması xidmətlərindən istifadənin qiymətləndirilməsi” layihəsinin həyata keçirilməsilə əlaqədar Serbiyanın Belqrad şəhərində keçirilən təlimdə iştirak etdilər

Beynəlxalq Planlaşdırılmış Valideynlik Federasiyasının Avropa Şəbəkəsi (IPPF-EN) orta gəliri olan yeddi ölkədə, o cümlədən Azərbaycanda əhalinin ailə planlaşdırılması və reproduktiv sağlamlığı vasitələrilə təmin olunmasını təhlil etmək niyyətindədir.

Bu tədqiqat BMT-nin Əhali Fondunun Şərq Avropa-Orta Asiya Regional Ofisinin (UNFPA EECARO) və Beynəlxalq Planlaşdırılmış Valideynlik Federasiyasının Avropa Şəbəkəsinin (IPPF-EN) birgə təşəbbüsüdür. Tədqiqat BMT-nin Əhali Fondu tərəfindən maliyyələşdirilir və IPPF-EN-nin Qazaxıstan, Bosniya, Bolqarıstan, Makedoniya, Serbiya və başqa ölkələrdə əməkdaşlıq etdikləri qeyri-hökumət təşkilatları tərəfindən keçirilir. Azərbaycanda təşkilat bu tədqiqatı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzilə (İSİM) müştərək layihə şəklində aparacaq.

2011-ci ilin iyulundan dekabrın 31-nə kimi davam edən “Ailə planlaşdırılması xidmətlərindən istifadənin qiymətləndirilməsi” layihəsinin əsas məqsədi əhalinin müasir kontraseptiv üsullardan istifadəsinin aşağı səviyyədə olmasının səbəblərini öyrənməkdir. Bunun üçün hədəf auditoriya və səhiyyə sistemi işçiləri arasında sorğu aparılacaq.

İSİM-in üzərinə araşdırmanın aparılması üçün intervüyerləri təlimatlandırmaq, yerlərdən məlumat toplamaq, həmin məlumatı təhlil edib hesabatı hazırlamaq və dekabrın sonunda keçirilməsi nəzərdə tutulmuş məlumatlandırma görüşündə iştirak etmək düşür.

İSİM-in əməkdaşları Gülnara Hacızadə və Teymur Hüseynov “Ailə planlaşdırılması xidmətlərindən istifadənin qiymətləndirilməsi” layihəsinin həyata keçirilməsilə əlaqədar Serbiyanın Belqrad şəhərində iyulun 4-8-də keçirilən təlimdə iştirak etdilər. Görüşdə iştirakçılar təmsil etdikləri ölkələrdə ailə planlaşdırılması xidmətlərindən istifadə imkanlarını təhlil etdilər və nəzərdə tutulan layihənin yanaşmalarını müəyyənləşdirdilər. Eyni zamanda layihənin bəzi texniki aspektləri nəzərdən keçirildi.

Layihə nəticələri BMT-nin Əhali Fondu tərəfindən müvafiq dövlət qurumları ilə əməkdaşlıq üçün istifadə ediləcək.