18 FEBRUARY 2011
İSİM-də “Qeyri-infeksion xəstəliklərin risk faktorlarının araşdırılması” mövzusunda intervüyerlər üçün təlim keçirildi
2011-ci il fevralın 16-18-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Qeyri-infeksion xəstəliklərin risk faktorlarının araşdırılması” çərçivəsində intervüyerlər üçün təlim keçirildi. Ümumdünya Səhiyyə Təşkilatı və Səhiyyə Sektorunda İslahatlar Layihəsi ilə birgə keçiriləcək araşdırmanın intervüyerlər qrupu həkimlər, tibb bacıları, sosioloqlar və statistiklərdən ibarətdir. Sorğunun əsas məqsədi xroniki qeyri-infeksion xəstəliklərin risk faktorları haqqında ətraflı məlumat toplamaqdır. Belə risk faktorlarına tütünçəkmə, alkoqol qəbulu, fiziki aktivsizlik, yüksək qan təzyiqi, piylənmə, qanda xolesterinin yüksək miqdarı, meyvə və tərəvəzlərin az miqdarda qəbulu, qanda şəkərin miqdarının artması daxildir. Araşdırmanın nəticələri əsasında qeyri-infeksion xəstəliklərə qarşı milli strategiyanın hazırlanması planlaşdırılır.
Tədbiri giriş sözü ilə açan Səhiyyə Sektorunda İslahatlar Layihəsinin nümayəndəsi İsa Əliyev sorğunun məqsəd və vəzifələri barədə məlumat verdi. Sorğunun metodoloji aspektləri ÜST və İSİM tərəfindən müəyyənləşdirilib. Risk faktorları araşdırıldıqdan sonra məlumatlar elektron bazaya daxil edilib təhlil olunacaq.
Çıxışın davamı olaraq, İSİM-in əməkdaşı, monitor Səidə İsmayılova “Qeyri-infeksion xəstəliklərin risk faktorlarının araşdırılması” mövzusunda məruzə etdi. Məruzədə əhali arasında QİX-in yayılma səbəbləri və bu səbəblərin aradan qaldırılması istiqamətində atılan addımlarla bağlı məlumat verildi. İSİM-in əməkdaşı, tədqiqatın eksperti Əsvəd Qabulzadə müsahibə alacaq şəxslərin və monitorların vəzifələri barədə ətraflı söhbət açdı. Sosioloq-statistik Elnur Abbaszadə respondentlərin məlumatlandırılması və onlardan araşdırmada iştirak etməyə razılıqlarının alınması ilə bağlı məsələlərə toxundu. ÜST-ün Qeyri-yoluxucu xəstəliklər və psixi sağlamlıq üzrə milli proqram mütəxəssisi Sevil Əsədova müsahibə aparma bacarıqlarından bəhs etdi. Pilot sorğunun müzakirəsində iştirakçıların təklif və iradları dinlənildi.
Beləliklə, tədqiqatda iştirakçı olan 20 intervüyer seçilmiş təyinat üzrə respondentlərin ünvanlı siyahısına uyğun olaraq, qeyd olunan respondentləri tapmalıdırlar. Hər bir intervüyer sorğu müddətində təxminən 100 sorğu anketini doldurmalı, sorğu olunan hər respondentə dair fiziki və biokimyəvi ölçülər təlimata uyğun aparılmalıdır. Monitorlar – Gülnarə Hacızadə, Şəhla İsmayılova, Səidə İsmayılova, Lütfi Qafarov və Nərgiz Mövsümova doldurulmuş sorğu anketlərini yoxlamalı, düzgün doldurulmuş anketləri qəbul etməli və İSİM-ə təqdim etməlidirlər.
Sorğunun səyyar işlərinin başlanılması fevralın 23-ə planlaşdırılıbdır.