İSİM-də | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

11 FEBRUARY 2011

İSİM-də

2011-ci il fevralın 10-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) "Tibbi xidmət keyfiyyətinin davamlı yaxşılaşdırılması və dəstəkləyici nəzarət" mövzusunda təlim keçirildi. Təlim İSİM-in təşkilatçılığı və YUNİSEF-in texniki dəstəyilə “Azərbaycanda səhiyyə xidmətlərinin keyfiyyətinin mövcud monitorinq sisteminə dəstəkləyici nəzarət prinsiplərini inteqrasiya etməklə neonatal qayğı və doğum xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması” layihəsi çərçivəsində reallaşdı. Təlimdə Bakı üzrə 10 doğuşayardım tibb müəssisəsinin neonatoloqları, baş həkim müavinləri, şöbə müdirləri iştirak etdilər. Görüşün keçirilməsində məqsəd iştirakçıları layihənin əsas məqamları ilə tanış etmək idi.

Layihə koordinatoru, İSİM-in İlkin səhiyyənin təşkili şöbəsinin müdiri Lütfi Qafarov və təlimçi, həkim-metodist Teymur Hüseynov iştirakçılara layihənin məqsəd və vəzifələri barədə məlumat verdilər. Belə ki, 2011-ci ilin yanvarından etibarən İSİM-lə YUNİSEF birgə layihəyə başlayıb. Layihənin məqsədi neonatal və doğum xidmətləri sahəsində tibbi xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün dəstəkləyici monitorinq təşəbbüsünün pilot qaydada sınaqdan keçirilməsidir. Layihə çərçivəsində həmçinin Bakının ayrı-ayrı tibb müəssisələrinin nümayəndələrinə təlim keçirilməsi nəzərdə tutulub. Təlimin keçirilməsində əsas məqsəd müəssisələrdə dəstəkverici nəzarətin tətbiqinə nail olmaqdır.

Təlimçi T.Hüseynov “Dəstəkləyici nəzarət və səhiyyə xidmətləri keyfiyyətinin davamlı yaxşılaşdırılması” mövzusunda təqdimatla çıxış etdi. Çıxışda işçilərin peşəkarlığını artırmağa və daha yüksək səviyyədə fəaliyyət göstərməyə sövq edən dəstəkləyici nəzarətin əsas prinsiplərindən söhbət açıldı. İştirakçılar həmçinin mentorluq, konstruktiv rəy vermə, ünsiyyətin düzgün qurulması qaydaları, təlimatlandırma bacarıqları, motivasiya barədə məlumatlandırıldılar.

Layihənin fəaliyyət planı və qaydaları ilə tanış olan həkimlər işlədikləri müəssisələrdə nəzarətlə bağlı öz fikirlərini bildirdilər. Maraqlı suallar ətrafında fikir mübadiləsi aparıldı.