İSİM-də Azərbaycan Respublikası Palliativ Qulluq Strategiyasının hazırlanması üzrə işçi qrupun görüşü keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

26 JANUARY 2011

İSİM-də Azərbaycan Respublikası Palliativ Qulluq Strategiyasının hazırlanması üzrə işçi qrupun görüşü keçirildi

Palliativ qulluq (PQ) – ictimai səhiyyənin vacib hissəsidir. PQ həyatı təhlükə qarşısında olan xəstələr və onların ailələrinin yaşam keyfiyyətini yaxşılaşdırmağa yönəldilmiş yanaşmadır. Palliativ qulluğun vəzifələri arasında xəstənin ailəsi və qohumlarına da dəstək göstərilməsi vardır. PQ insanın ağrısının və digər fiziki, mənəvi-psixoloji problemlərinin vaxtında müəyyənləşdirilib qiymətləndirilməsi və idarə olunması tədbirləri sistemidir. Yeni konsepsiyaya əsasən, palliativ qulluğa diaqnozun qoyulması günündən başlamaq olar. Bu zaman xəstənin və onun yaxınlarının fiziki və mənəvi resursları hələ də tükənməyə bilər. Bu mərhələdə palliativ qulluğa başlanması xəstənin və onun ailəsinin həyat keyfiyyətini ən yüksək səviyyədə saxlamağa imkan verir. Xəstənin vəfatından sonra isə PQ üsulları ailə üzvlərinə xidmət və dəstək göstərə bilər.

2011-ci il yanvarın 25-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Azərbaycan Respublikası Palliativ Qulluq Strategiyasının hazırlanması üzrə işçi qrupun görüşü keçirildi. Tədbirdə Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu (ACİ-YF), İSİM, Səhiyyə Sektorunda İslahatlar Layihəsi, Milli Onkologiya Mərkəzi, QİÇS-lə Mübarizə Mərkəzi, Mərkəzi Klinikanın nümayəndələrindən, o cümlədən beynəlxalq ekspertlərdən ibarət heyət iştirak etdi.

Görüşdə ölkəmizdə palliativ yardımın müasir vəziyyəti və gələcəkdə həyata keçirilmə yolları, ümumiyyətlə PQ barədə söhbət açıldı. Azərbaycanda əhaliyə palliativ qulluğun zəif inkişaf etdiyi, son 5-8 il ərzində isə qeyri-hökumət təşkilatları tərəfindən onkoloji xəstələrə və QİÇS-lə yaşayan insanlara bəzi palliativ qulluq xidmətlərinin göstərildiyi vurğulandı. Fəaliyyətin sistem xarakteri daşımadığını diqqətə çatdıran mütəxəssislər ölkəmizdə PQ üzrə dövlət tərəfindən təsdiqlənən və əhaliyə palliativ qulluğun fəaliyyətini nizamlayan sənədə ehtiyacın olduğunu da bildirdilər. Beynəlxalq ekspertlər Stefen Konnor və Meri Kalivey son 10 ildə palliativ qulluğun inkişafı istiqamətində Şərqi Avropa, Mərkəzi Asiya və Cənub-Şərqi Asiya regionu ölkələrində gördükləri işlərlə bağlı məruzə etdilər. Həmçinin tədbirdə yeni təkliflərin səsləndirilməsinin vacibliyi nəzərə çatdırıldı. Bu təkliflər sırasında mövcud PQ xidmətlərinin genişləndirilməsi üçün aidiyyatı mütəxəssislərin fəaliyyətə cəlb olunması, fəaliyyət planının tərtibi, görüşlər üçün planın hazırlanması, ictimaiyyəti maarifləndirmə üsulları, müzakirələrin aparılması, eyni zamanda bu istiqamətdə xarici ölkələrin təcrübəsini öyrənməyin vacibliyi vurğulandı.

Daha sonra iştirakçılara palliativ qulluğu özündə əks etdirən video-çarx təqdim edildi. Sonda fikir mübadiləsi aparıldı.