İSİM-in əməkdaşları “Media işçiləri üçün təlim”də iştirak etdilər | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

8 DECEMBER 2010

İSİM-in əməkdaşları “Media işçiləri üçün təlim”də iştirak etdilər

2010-cu il dekabrın 6-7-də İSİM-in əməkdaşları “RİA” Novosti Agentliyinin Bakı ofisində keçirilmiş “Media işçiləri üçün təlim”də iştirak etdilər. Görüşü giriş sözü ilə açan BMT-nin HİV-lə birgə Mübarizə Proqramının Azərbaycan üzrə rəhbəri Cəmilə Cərrahova 2 günlük təlimdə nəzərdən keçiriləcək məsələlər barədə iştirakçılara məlumat verdi. Səhiyyədən yazan jurnalistlərin bu sahə ilə əlaqədar biliklərini artırmaq məqsədilə təşkil olunmuş tədbir “1 dekabr – Ümumdünya QİÇS günü” mövzusuna həsr edilmişdir.

İİV-infeksiyası/QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ciddi problemi kimi qalır, lakin BMT-nin İİV/QİÇS üzrə Birləşmiş Proqramının (UNAİDS) 23.11.2010-cu ildə dərc etdirdiyi hesabatında ilk dəfə göstərilir ki, dünya miqyasında QİÇS epidemiyasının dayandırılmasına və İİV-in yayılmasının qarşısının alınmasına nail olunmuşdur. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin rəhbəri Həqiqət Qədirova məhz bu mövzuda bir sıra məqamlara toxundu.

Belə ki, son 10 ildə yeni yoluxma hallarının, son 5 ildə isə QİÇS-dən ölüm hallarının 20% azalması qeydə alınmışdır. Bu da İİV/QİÇS-lə yaşayan insanların sayının stabilləşməsinə səbəb olmuşdur. Azərbaycanda da bu problem aktuallığı ilə daim Səhiyyə Nazirliyinin nəzarətindədir. Ölkəmiz İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya, əsasən, yüksək riskli qrupa aid inyeksion narkotik istifadəçiləri arasında yayılmışdır. Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və yardımın göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilmişdir. Belə ki, QİÇS, vərəm, malyariya ilə mübarizə üzrə Qlobal Fondun və Səhiyyə Nazirliyinin dəstəyilə 08.11.2006-cı ildən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 560 İİV-lə yaşayan insan cəlb olunub. Onlardan 230-na müalicə 2010-cu ilin 11 ayı ərzində başlanılıb. Həmçinin əhali arasında maarifləndirmə tədbirləri həyata keçirilib, respublikada İİV-infeksiyası/QİÇS problemi üzrə fəaliyyət göstərən ictimai və beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilib.

Təlim ərzində iştirakçılara maarifləndirici bukletlər və məlumat kitabçaları paylanıldı. QİÇS və İİV haqqında bilikləri yoxlamaq məqsədilə jurnalistlər test tapşırıqlarını həll etdilər. Eyni zamanda xarici telekanalların İİV/QİÇS problemi ilə bağlı hazırladıqları reportajlara tamaşa edildi. İştirakçılar reportajlar əsnasında mövzuya fərdi münasibətlərini bildirdilər.