25 NOVEMBER 2010
“Azərbaycanda ana südü ilə qidalanmanın mövcud problemləri və gələcək perspektivləri” mövzusunda milli konfrans keçirildi
2010-cu il noyabrın 25-də Bakı Biznes Mərkəzində AR Səhiyyə Nazirliyinin, Heydər Əliyev Fondunun, eləcə də YUNİSEF-in birgə təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycanda ana südü ilə qidalanmanın mövcud problemləri və gələcək perspektivləri” mövzusunda milli konfrans keçirildi. Yerli və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi görüşdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları Rauf Məmmədov, Töhfə Cəmilova, Nərgiz Mövsümova və Səadət Hənifəyeva də iştirak edib.
Tədbiri giriş sözü ilə açan Səhiyyə Nazirliyinin Kubra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (ETPİ) direktoru Nəsib Quliyev ana südü ilə qidalanmanın mövcud vəziyyətindən bəhs etdi. Belə ki, Azərbaycanın bölgələrində anaların 50%-nin, Bakıda isə 45-48%-nin 1 yaşadək körpəsini ana südü ilə qidalandırdığını vurğulayan direktorun sözlərinə görə, körpələrin ana südü ilə qidalanma faizində müsbət dəyişikliklərə baxmayaraq, istənilən səviyyəyə nail olunmayıb. Həmçinin qeyd etdi ki, körpələri ana südü ilə qidalandırmada problemlərin yaranmasının 98-99%-i subyektiv, 1-2%-i isə obyektiv səbəblərlə bağlıdır. Ana südünün xüsusi əhəmiyyətindən söhbət açan N.Quliyev körpənin bu əvəzedilməz qida ilə qidalanmasının onun gələcək sağlamlığında böyük rol oynadığını vurğuladı: “Ana südü ilə qidalandıran qadınlarda döş vəzisi xərçənginə yoluxma az hallarda baş verir”.
Milli Məclisin Sosial-Siyasət Komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli isə Milli Məclisin bu istiqamətdə gördüyü işlərdən danışdı. Çox vacib məsələ olsa da, “Ana südü ilə qidalanma haqqında” Qanun Milli Məclisdə müzakirəyə çıxarıldıqda, parlamentdə onun gündəmə gəlməsi iradla qarşılanıb: “Biz o zaman hətta körpələrini ana südü ilə qidalandıran anaların maliyyə dəstəyi məsələsini də gündəmə qoyduq. Amma buna nail ola bilmədik. Parlament bu məsələyə yenidən qayıda və qanuna əlavələr, dəyişikliklər edə bilər”. H.Rəcəbli də öz növbəsində Azərbaycanda ana südü ilə qidalandıran anaların sayının azlığından narahatlığını bildirdi.
Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev təmsil etdiyi təşkilatın uşaqların sağlamlığı ilə bağlı layihələr həyata keçirdiyini nəzərə çatdırdı və Fondun bu problemin həlli istiqamətində mühüm işlər gördüyünü vurğuladı.
YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard Azərbaycanda anaların 12%-nin körpələrini 6 ayadək yalnız ana südü ilə qidalandırdığını bildirdi. Ana südünün xüsusi əhəmiyyətindən bəhs edən M.Herevardın sözlərinə görə, körpə 6 ay ərzində yalnız ana südü qəbul etdikdə, kəskin respirator xəstəliklərdən ölmə 2, diareyadan ölmə 6 dəfə az baş verir: “Biz ana südü ilə əmizdirmədə yaranan sosial problemləri də araşdırmalıyıq. İmkan verə bilmərik ki, Azərbaycanda bir neçə nəsil ana südü ilə qidalanmadan kənarda qalsın”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Daimi Komissiyasının üzvü, millət vəkili Qənirə Paşayeva isə problemin həllində sosial çarxların xüsusi rol oynaya biləcəyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Milli Məclis sosial reklamların ödənişsiz qaydada daha geniş yayılması məsələsini müzakirəyə çıxara bilər. Həmçinin Heydər Əlyev Fondunun bu istiqamətdəki fəaliyyətinin uğurlarından bəhs edildi.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədr müavini, millət vəkili Aynur Sofiyeva Komitənin mövcud problemlərlə əlaqədar davamlı işlər gördüyünü vurğuladı. Qadınların, eləcə də uşaqların sağlamlığının qorunması istiqamətində görüşlərin və seminarların təşkil olunduğu da iştirakçıların diqqətinə çatdırıldı.
Milli Məclisin Sosial-Siyasət Komitəsinin üzvü, millət vəkili Məlahət Həsənova Milli Məclisdə ana südü ilə qidalandırmada çatışmazlıqların müzakirə edildiyini və gələcəkdə daha mühüm addımların atılacağını vurğuladı.
Milli Məclisin Sosial-Siyasət Komitəsinin sədr müavini Musa Quliyev ana südü ilə qidalanmanın sosial aspektləri, körpə və azyaşlı uşaq qidalanması barədə çıxış etdi. Ana südü ilə ekstra qidalanmanın faiz göstəricisinin həddindən artıq aşağı olması (12%) faktının mənfi hal olduğunu bildirdi.
Daha sonra ayrı-ayrı mövzular üzrə təqdimatlara keçildi. Azərbaycan Tibb Universitetinin (ATU) Qidalanma və Kommunal Gigiyena kafedrasının müdiri İbrahim Məmmədov “Körpələrin ana südü ilə qidalandırılmasının mövcud problemləri və onların aradan qaldırılması yolları” mövzusunda məruzə etdi. Təqdimatda körpələrin ana südü ilə qidalandırılmasının vacibliyindən, ana südü ilə qidalanmanın üstünlüklərindən və süni qidanın təhlükələrindən bəhs edildi.
ET Pediatriya İnstitutunun bölmə rəhbəri Mahirə Əfəndiyeva isə “Ana südü və heyvan mənşəli südün müqayisəli xarakteristikası” mövzusunda çıxış etdi. Təbii qidalanma, infeksiyadan qorunma, döşlə əmizdirmənin psixoloji üstünlükləri, ana südü ilə heyvan mənşəli südün müqayisəli xarakteristikası, ana südü ilə süni qatışıqlar arasındakı fərqlər, heyvan mənşəli südlə qidalanan körpələrdə rast gəlinən xəstəliklər barədə söhbət açıldı.
“Ana südü ilə qidalanmanın müasir prinsipləri” mövzusu üzrə ATU-nun Neonatologiya kafedrasının assistenti Naibə Məmmədova məruzə etdi. Ana südü ilə qidalanmanın üstünlükləri, sosial və ekoloji əhəmiyyəti, infeksion müdafiə, sağlam yenidoğulmuşların qidalanması, uğurlu döşlə qidalanmanın 10 prinsipi ilə bağlı vacib faktorlar iştirakçıların nəzərinə çatdırıldı.
ATU-nun Uşaq xəstəliklərinin propedevtika kafedrasının dosenti Rauf Bəylərov “Körpə və azyaşlı uşaq qidalanması Tibb Universitetinin təhsil planında” mövzusunda təqdimatla çıxış etdi. ATU-nun professor müəllim heyətinin bu istiqamət üzrə təlimlərdə iştirakını vurğulayan R.Bəylərov ana südü ilə qidalanmanın əhəmiyyətindən bəhs edən elmi-metodik vəsaitlərin nəşr edildiyini də bildirdi. Bu işdə universitetə həm yerli, həm də beynəlxalq təşkilatların yardımçı olduğunu nəzərə çatdırdı.
Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Elmira Əliyeva, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin koordinatoru Rəşed Mustafa, Elmi Tədqiqat Mamalıq-Ginekologiya İnstitutunun direktoru, Reproduktiv sağlamlıq layihəsinin Azərbaycan üzrə milli koordinatoru Faizə Əliyeva və YUNİSEF-in Səhiyyə Proqramının rəhbəri Təhminə Tağızadə də mövzu ilə əlaqədar fikirlərini bölüşdülər. Sonda iştirakçıları maraqlandıran suallar ətrafında müzakirə aparıldı.