18 OCTOBER 2010
İSİM-də “Ailə təbabəti” mövzusunda təlim kursu keçirildi
2010-cu il oktyabrın 4-15-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Səhiyyə sektorunda İslahatlar Layihəsi tərəfindən “Ailə təbabəti” mövzusu üzrə təlim kursu keçirildi. Sahə tibb bacıları üçün nəzərdə tutulmuş kursu dörd təlimçi aparıb.
İştirakçılar əvvəlcə ilkin testləri həll etdilər. Daha sonra ayrı-ayrı təqdimatlar üzrə “Ailə təbabəti” mövzusunda biliklərə yiyələndilər. Belə ki, “İlkin Səhiyyə Xidmətinin (İSX) Konsepsiyası” mövzusuna həsr olunmuş təqdimatda iştirakçılara ailəyə yönəlmiş İSX konsepsiyasının əsasları, İSX komandası, orta tibb işçisinin (tibb bacısının) rolu, İSX-də çalışan tibb bacısının bacarıqları (dərman qəbuluna nəzarət, dərmanların təsiri və dərmanların qarşılıqlı təsiri, yazılmış dərmanların qəbuluna nəzarət) və hüquqi məhdudiyyətlərlə bağlı ətraflı məlumat verildi. “Uşaq sağlamlığı İlkin Səhiyyə Xidmətində” mövzusu çərçivəsində böyümə və inkişafın xüsusiyyətləri, uşaqlıq dövrünün mərhələləri və bu dövrdə müşahidə edilən sağlamlıq problemlərinin müzakirəsi maraqla qarşılandı. “İlkin Səhiyyə Xidmətində reproduktiv sağlamlıq” başlıqlı təqdimatda təhlükəsiz analıq, icmada analıq, səhiyyə xidmətləri, normal və patoloji hamiləlik, antenatal xidmət, doğum və postnatal xidmət barədə danışıldı. “Ailə Planlaşdırılması”na həsr edilmiş məruzədə yeni doğulmuşlara xidmət, uro-genital sistemin infeksiyaları, cinsi yolla yayılan xəstəliklər, reproduktiv sağlamlıqda tələb olunan kliniki bacarıqlar barədə məlumat verildi. Eləcə də “İlkin Səhiyyə Xidmətində Psixi Sağlamlıq” adlı təqdimatda icmanın psixi sağlamlığında tibb bacısının rolu, icmada geniş yayılmış psixi xəstəliklər, həmin xəstəliklərin diaqnostikası, müalicəsi, o cümlədən, icmanın psixi sağlamlığına dair tibb bacısının bacarıqları, ailəyə dəstək, xüsusi təlimləndirici bacarıqlar, fiziki fəsadlar barədə məlumat iştirakçıların diqqətinə çatdırıldı. “Təxirəsalınmaz yardım. Qanaxmalar. Şok” mövzusunda isə nəzəri və praktik tapşırıqlar əsasında tibb bacıları bütövlükdə ailə təbabəti ilə bağlı dolğun məlumatlandırıldılar. Həmçinin tibbi maarifləndirmənin aparılması üsulları iştirakçıların nəzərinə çatdırıldı.
Kurs ərzində öyrənilənlər təcrübədə tətbiq edildi. Nəzəri və praktik tapşırıqların nəticəsi olaraq, son testlər həll olundu.