8 OCTOBER 2010
İSİM-də “Ümumdünya Psixi Sağlamlıq Günü: psixi sağlamlıq və xroniki qeyri-infeksion xəstəliklər” mövzusunda dəyirmi masa keçirildi
Hər il oktyabrın 10-u bütün dünyada Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Ümumdünya Psixi Sağlamlıq Günü psixi sağlamlıq məsələləri barədə ictimaiyyət arasında məlumatı artırır. Bu Gün psixoloji xəstəliklər, onların qarşısının alınması və müalicə xidmətləri barədə daha çox açıq müzakirələri irəli sürür. 2010-cu il Ümumdünya Psixi Sağlamlıq Gününün mövzusu “Psixi sağlamlıq və Xroniki Fiziki Xəstəliklər”dir.
2010-cu il oktyabrın 8-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Ümumdünya psixi sağlamlıq günü: psixi sağlamlıq və xroniki qeyri-infeksion xəstəliklər” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə Səhiyyə Nazirliyinin baş psixiatrı Gəray Gəraybəyli, Ümumdünya Səhiyyə Təşkilatının qeyri-yoluxucu xəstəliklər və psixi sağlamlıq üzrə milli proqramının mütəxəssisi Sevil Əsədova, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Dəyirmi masanı giriş sözü ilə açan G. Gəraybəyli hər il 10 oktyabrın bütün dünyada Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd olunduğunu söylədi: “Bu il biz əqli xəstəliklərlə şəkər xəstəliyi, xərçəng, ürək qan-damar xəstəlikləri, tənəffüs yolları xəstəlikləri və köklük kimi xroniki fiziki xəstəliklər arasında sıx və ikitərəfli əlaqənin olduğunu xüsusilə vurğulayırıq. Azərbaycanda hər il 80 mindən artıq adamın psixi sağlamlıq üzrə yardıma ehtiyacı olur. Cəmiyyətin və səhiyyə sektorunun çiyinlərinə əhəmiyyətli dərəcədə yük qoyan qeyri-yoluxucu xəstəliklər Azərbaycanda ölüm və digər xəstəliklərin başlıca səbəblərindən biridir. Ölümlərin ən başlıca beş səbəbi ürək qan-damar sistemi, xərçəng, tənəffüs yolları xəstəlikləri, həzm sistemi xəstəlikləri, xarici səbəb kimi yaralanma və zəhərlənmə halları olub. Bu beş səbəb 2007-ci ildə ümumi ölüm hallarının 87,5 faizini təşkil edib”.
G. Gəraybəyli Səhiyyə Nazirliyinin Ümumdünya Səhiyyə Təşkilatının texniki dəstəyi ilə psixi sağlamlıq üzrə yeni strategiya və strategiyanın prioritet sahəsindən biri olan psixi sağlamlıq xidmətlərinin ilkin səhiyyə xidmətinə inteqrasiyası layihəsinin hazırladığını açıqladı. O, psixi sağlamlıq sahəsində milli strategiya haqqında da ətraflı məlumat verdi.
Ümumdünya Səhiyyə Təşkilatının Qeyri-yoluxucu xəstəliklər və psixi sağlamlıq üzrə milli proqram mütəxəssisi S. Əsədova psixi pozuntulara səbəb olan xəstəliklər barədə məlumat verərək, BMT-nin baş katibinin bəyannaməsini tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Daha sonra “Əhalinin Psixi Sağlamlıq üzrə Milli Strategiya”, “İlkin səhiyyə sisteminin həkimləri arasında araşdırmasının nəticələri və tədris metodiki vasitəsinin təqdimi”, “Psixi sağlamlıq üzrə məcburi köçkünlərin arasında araşdırmanın nəticələri” mövzularında təqdimatlar oldu. Tədbirdə media nümayəndələri də iştirak edirdilər.
Sonda dəyirmi masa iştirakçılarını maraqlandıran suallar ətrafında müzakirə aparıldı.