14 MAY 2010
“İctimai səhiyyə və fövqəladə halların idarə edilməsi” təlim kursunun təlimçiləri üçün təlim
ÜST-nin Azərbaycan üzrə ölkə ofisinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə birlikdə “İctimai səhiyyə və fövqəladə halların idarə edilməsi” mövzusunda təlim kursunun təşkili layihəsi çərçivəsində 2010-cu il may ayının 11-13-də bu kursun tədrisinə cəlb olunacaq təlimçilər üçün ÜST-nin beynəlxalq ekspertləri tərəfindən təlim keçirilmişdir.
Təlimin məqsədi 2010-cu ildə təşkil ediləcək “İctimai səhiyyə və fövqəladə halların idarə edilməsi” təlim kursunun proqramını, məqsədlərini, dəvət ediləcək iştirakçıların seçilmə kriterilərini, tədris proqramının keyfiyyətinin artırılması üçün tətbiq edilən effektiv metodları, mövcud resursları, qarşıya çıxa biləcək çətinlikləri və maneələri müzakirə etməkdən ibarət idi. Təlimdə ÜST-nin dəstəyi ilə dünyanın müxtəlif regionlarında fövqəladə halların idarə edilməsi üzrə təşkil edilmiş təlim kurslarında tətbiq edilən metodlar, onların üstün və çatışmayan cəhətləri ÜST-nin beynəlxalq ekspertləri tərəfindən təqdim edildi və müzakirə olundu.
Təlimin sonunda təşkil ediləcək kursun proqramının yenidən nəzərdən keçirilməsi və işlənilməsi qərara alındı.
Təlimdə Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti və Akademiyası, Qlobal Fond, Ümumdünya Səhiyyə Təşkilatı, Azərbaycan Tibb Universiteti, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və İSİM-in əməkdaşları iştirak edirdilər.