3 MARCH 2009
İctimai Səhiyyə və İslahatlar Mərkəzində 23 fevral - 3 mart 2009-cu il tarixində “Strateji səhiyyə kommunikasiyası üzrə liderlik” adlı təlim kursu keçirilib
23 fevral - 3 mart tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Strateji səhiyyə kommunikasiyası üzrə liderlik” adlı təlim kursu keçirilib. USAİD-in FORCAST layihəsi tərəfindən maliyyələşdirilən və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə keçirilən təlim kursunun əsas məqsədi Azərbaycanda yeni sahə kimi inkişaf etməyə başlayan səhiyyə kommunikasiyası üzrə mütəxəssislərin hazırlanmasına yönəlib.
Bu təlimlər ABŞ-ın Cons Hopkins Universiteti Blumberq İctimai Səhiyyə Məktəbi Kommunikasiya Proqramları Mərkəzi tərəfindən dünyanın bir çox ölkəsində reallaşdırılıb. Azərbaycanda səhiyyə kommunikasiyası sahəsi ilə bağlı keçirilən təlim də məhz ABŞ-ın Cons Hopkins Universiteti Blumberq İctimai Səhiyyə Məktəbi Kommunikasiya Proqramları Mərkəzinin nümayəndəsi, Dr. Benjamen Lozare tərəfindən həyata keçirilib. Bu təlimlərdə Azərbaycanda səhiyyə kommunikasiyası sahəsində təcrübəyə malik mütəxəssislər iştirak edib. Təlim prosesində iştirakçılara səhiyyə kommunikasiyası sahəsində dünyada tətbiq edilən yeni metodlar və bu metodların necə tətbiq edilməsi barədə məlumatlar verilib. Eyni zamanda təlimçi tərəfindən təqdim olunan kompüter təqdimatlarında dünyada tətbiq edilən praktik təcrübə iştirakçıların diqqətinə çatdırılıb. Azərbaycana dair oxşar məqamlar barədə qarşılıqlı fikir mübadiləsi aparılıb və təlim iştirakçılarının məsələyə yanaşma tərzi ətraflı müzakirə edilib. Bundan başqa təlimə qatılan iştirakçılar səhiyyə kommunikasiyası sahəsində olan təcrübələrindən və həyata keçirdikləri layihələr barədə məlumat verərək, təlimçi ilə real həyatda qarşılaşdıqları problemlər barədə müzakirələr aparıblar. Müzakirələr zamanı Dr. Benjamen Lozare iştirakçılara praktikada qarşılaşdıqları problem zamanı hansı addımların atılması ilə bağlı məlumat verib.
Keçirilmiş təlimlərdə müvafiq dövlət strukturları və qeyri-hökumət təşkilatları ilə yanaşı, beynəlxalq təşkilatların nümayəndələri də iştirak edib.