Azərbaycanda reproduktiv sağlamlıq xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması üzrə milli konfrans keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

23 FEBRUARY 2009

Azərbaycanda reproduktiv sağlamlıq xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması üzrə milli konfrans keçirildi

Səhiyyə Nazirliyinin Reproduktiv Sağlamlıq üzrə Milli Ofisi (RSMO) və İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) USAID tərəfindən maliyyələşən ACQUİRE Layihəsinin texniki dəstəyi ilə 2009-cu il fevral ayının 17-18-də “Azərbaycanda Reproduktiv Sağlamlıq Xidmətlərinin Keyfiyyətinin Yaxşılaşdırılması” üzrə konfrans keçirmişdir.
İki günlük konfrans 100-dən çox iştirakçını əhatə etmiş və Səhiyyə Nazirliyinin məsul şəxsləri, Milli Məclisin üzvləri, ÜST-ün ekspertləri, 20 rayonu və şəhəri təmsil edən səhiyyə müəssisə rəhbərləri və Azərbaycan Tibb Universitetinin və Ə.Əliyev adına Dövlər Həkimləri Təkmilləşdirmə İnstitutunun professor-müəllim heyətinin nümayəndələrinə reproduktiv sağlamlıq sahəsində xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün fəaliyyət planının hazırlanması istiqamətində müzakirə və təcrübə mübadiləsinin aparılmasına imkan yaratmışdır. 
Son illər ərzində RSMO və İSİM-in birgə səyi nəticəsində Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması (AP) xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində nəzərəçarpan irəliləyişlərə nail olunmuşdur. 2008-ci ildə Azərbaycanda Reproduktiv Sağlamlıq üzrə Milli Strategiya və ailə planlaşdırılması üzrə klinik protokollar hazırlanmışdır. Bu təşəbbüslərə ÜST, UNFPA və USAID tərəfindən maliyyələşən ACQUIRE layihəsi tərəfindən geniş dəstək verilmişdir. RS üzrə milli əlaqələndirici Faizə Əliyeva öz çıxışında RS xidmətlərinin əlçatanlığı və keyfiyyətinin təmin edilməsində RS-in ilkin səhiyyə xidmətlərinə inteqrasiyasının vacibliyini xüsusi vurğulamışdır. 
RS xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və pasiyentin hüquqları ilə bağlı məsələlər Reproduktiv Sağlamlığın qorunması üzrə qanun layihəsində öz əksini tapmışdır. Qanun layihəsinin tərtib olunmasında İSİM və ACQUİRE layihəsinin də böyük rolu olmuşdur. Milli Məclis üzvləri Məlahət Həsənova və Musa Quliyev öz çıxışlarında qeyd etmişlər ki, RS üzrə qanun layihəsinin hazırlanması prosesinin özü Azərbaycan hökumətinin xalqın reproduktiv sağlamlığının yaxşılaşdırılmasının öncül məsələlərdən biri olduğunu nümayiş etdirir. Millət vəkilləri tibb işçilərini, media nümayəndələrini və ümumilikdə ictimaiyyəti qanunun əsasları haqqında məlumatlandırmaq məqsədilə bu kimi toplantı və forumların tez-tez təşkil olunmasını tövsiyə etmişlər. 
Xidmətlərin keyfiyyətinin təmin olunması qanunvericilik və hüquqi səviyyədə dəstəklə yanaşı, sübutlara əsaslanan təbabətə uyğun milli keyfiyyət standartlarının yaradılmasını, milli standartların diplomaqədər və diplomdansonrakı peşəkar təlim proqramlarına inteqrasiyasını və xidmətlərin göstərilməsi səviyyəsində pasiyentlərin hüquqlarını qoruyan keyfiyyət standartlarının yaradılmasını yoxlamaq məqsədilə idarəetmə yanaşması bazasının yaradılmasını tələb edir. ÜST-ün Avropa Regional Bürosunun Reproduktiv Sağlamlıq və Tədqiqatlar üzrə məsləhətçisi Qunta Lazdane iştirakçılara keyfiyyətin yaxşılaşdırılması üzrə texniki ekspertiza və onun əsas prinsiplərinə dair ətraflı məlumat vermişdir. Keyfiyyətin yaxşılaşdırılması prinsiplərindən biri sübutlu təbabətə uyğun milli standartların yaradılması olduğundan konfrans iştirakçıları yeni tərtib olunmuş ailə planlaşdırılması üzrə klinik protokolların yayılması və tətbiq olunmasına dair müzakirələr aparmışlar. 
ACQUIRE Layihəsinin tərəfdaşları tərəfindən keyfiyyətin yaxşılaşdırılmasına yeni yanaşmalar, COPE (Pasiyentin marağını əsas tutan tibb işçiləri tərəfindən göstərilən səmərəli xidmətlər) və “Dəstəkverici Rəhbərlik” təqdim olunmuşdur. COPE pasiyentin ehtiyaclarının anlanması və ödənilməsinə xüsusi yer ayıran və xidmət keyfiyyətinin qiymətləndirilməsinə bütün işçi heyəti cəlb edən bir təcrübədir. 
Konfransın nəticələri və tədbir boyu keçirilən aktiv müzakirələr Azərbaycanın sağlam gələcəyi naminə reproduktiv sağlamlıq xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasının Səhiyyə Nazirliyi, Milli Məclis, yerli səhiyyə idarələri üçün mühüm bir məsələ olduğunu göstərdi.