26 JANUARY 2010
İSİM-də A(H1N1) qrip virusuna qarşı vaksinasiya tədbirlərinin dəstəklənməsi və sosial səfərbərlik üzrə işçi qrup yaradılmışdır
Səhiyyə Nazirliyinin “Azərbaycan Respublikasında pandemik qripə qarşı vaksinlərin təcili paylanması üçün tədbirlər planı”na əsasən A(H1N1) qrip virusuna qarşı vaksinasiyanın həyata keçirilməsi üçün sosial səfərbərliyi təmin etmək məqsədi ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) işçi qrup yaradılmışdır. İşçi qrupa İSİM-in və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları daxildirlər. ÜST, AED, RVF, UNICEF, UNHCR, USAID, “Səhiyyə Sektorunda İslahatlar Layihəsi” və Azərbaycan Qızıl Aypara Cəmiyyəti kimi təşkilatlar öz texniki dəstəkləri ilə qrupun işində yaxından iştirak edirlər.
ÜST-nin tövsiyələrinə uyğun olaraq Azərbaycanda tibb işçiləri, hamilə qadınlar, ağ ciyərlərin xroniki xəstəlikləri olanlar, 14-17 yaşlı yeniyetmələr kimi risk qruplarının vaksinasiya olunması nəzərdə tutulur. Məhz bu baxımdan həmin risk qruplarına aid bir neçə maarifləndirici çap materialı və vaksinasiyanı təbliğ edən sosial reklam çarxının ssenarisi hazırlanmışdır.
Bununla yanaşı A(H1N1) qrip virusuna qarşı vaksinasiya ilə bağlı kütləvi informasiya vasitələrinin nümayəndələri üçün press-konfransların keçirilməsi, eləcə də maarifləndirici buklet hazırlanması planlaşdırılır ki, bu da əhalinin maarifləndirilməsi istiqamətində onlara yardım edəcəkdir.