25 SEPTEMBER 2008
İSİM-də Hemofiliya sahəsində Ortopediya və Fizioterapiyaya dair Simpozium keçirildi
20-21 sentyabr 2008-ci tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Hemofiliya sahəsində Ortopediya və Fizioterapiyaya dair Simpozium keçirildi.Tədbir Səhiyyə Nazirinin 9 sentyabr 2008-ci il tarixli 02/19-377 saylı məktubuna əsasən İSİM-də keçirilirdi və simpoziuma Azərbaycan Respublikasında hemofiliya sahəsində çalışan mütəxəssisləri dəvət olunmuşdular. Simpoziumda Dünya Hemofiliya Federasiyasının (DHF) prezidenti Mark Skinner, İSİM-in direktoru Ceyhun Məmmədov, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının (HXRA) prezidenti, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Gülnarə Hüseynova, DHF-in Avropa üzrə Proqramlar koordinatoru Katerin Hadon, Milan Universitetinin nəzdində Ortopedik Klinikanın həkimi, doktor Luiqi Pier Solemano, kanadalı mütəxəssis, fizioterapevt, doktor Greiq Blamey, Azərbaycan Elmi-Praktik Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova, Azərbaycan Tibb Universiteti, Mir- Qasımıov adına Respublika Kliniki Xəstəxanası, Qan Donorları Assosiasiyasının əməkdaşları, respublikanın 7 bölgəsindən hemofiliya sahəsində çalışan mütəxəssislər iştirak edirdilər.
Simpoziumun məqsədi iki günlük təlim kursu zamanı iştirakçıları hemofiliyanın fəsadları olan hərəkət-dayaq sisteminin pozulmalarının qarşısının alınması və bərpasında istifadə olunan müasir yeniliklərlə tanış etmək, bu sahədə mövcud olan elmi yeniliklərin Azərbaycan şəraitində mütəxəssislər tərəfindən tətbiqinə nail olmaqdır. İSİM-in direktoru Ceyhun Məmmədov, (HXRA) prezidenti Gülnara Hüseynova, DHF-in Avropa üzrə Proqramlar koordinatoru Katerin Hadon, Milan Universitetinin nəzdində Ortopedik Klinikasının həkimi, doktor Pier Solimeno, kanadalı mütəxəssis, fizioterapevt, doktor Greiq Blamey giriş sözləri söyləyərək tədbir iştirakçılarını salamladılar.
Doktor Elmira Qədimova “Azərbaycanda hemofiliya problemi”, doktor Greiq Blamey “Kəskin hemartroz və Sinovit”, doktor Pier Solimeno “Xroniki Sinovit və Atropatiya”, doktor Mehparə Kazımova “Hemofilik artropatiyaların patogenetik əsasları və müasir müalicə prinsipləri”, doktor Greiq Blamey “Əzələ qanamaları” mövzularında məruzələrlə çıxış etdilər.
Çıxışlardan sonra qrup məşğələləri başladı və çıxışlar ətrafında müzakirələr aparıldı.
Simpoziumun ikinci günü doktor Greiq Blamey “Əzələ qanamaları”, “Üsullar”, “Profilaktikasız hemofiliyalı xəstələrin fiziki fəaliyyəti”, doktor Pier Solimeno “Psevdo yenitörəmə və İnhibitor”, Gülnarə Hüseynova “Azərbaycanda hemofiliya sahəsində təşkilatı inkişaf” mövzusunda məruzələrlə çıxış etdilər. Tədbirdə əcnəbi mütəxəssislərin iştirakı ilə pasiyentlərin müayinəsi də keçirildi. Simpoziumun sonunda iştirakçılara sertifikat təqdim olundu.