KİV nümayəndələri üçün “Reproduktiv Sağlamlıq üçün Media Vəkilliyi” mövzusunda seminar keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

4 JUNE 2008

KİV nümayəndələri üçün “Reproduktiv Sağlamlıq üçün Media Vəkilliyi” mövzusunda seminar keçirildi

29-30 may 2008-ci tarixlərində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən ACQUIRE Azərbaycan Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması Layihəsi (ACQUIRE Layihəsi) Səhiyyə Nazirliyi ilə birlikdə İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) KİV nümayəndələri üçün “Reproduktiv Sağlamlıq üçün Media Vəkilliyi” mövzusunda 2 günlük seminar keçirdi. Seminarda paytaxt və bölgə mediasını təmsil edən jurnalistlər, İSİM KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşları iştirak edirdilər. Seminarın açılışında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov, ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Conatan Henik, ACQUIRE Layihəsinin regional direktoru Anna Kaniauskene jurnalistləri salamladılar və giriş sözləri söylədilər. Jurnalistləri seminarın məzmunu ilə tanış edən ACQUIRE Layihəsinin Kommunikasiya üzrə Proqram İşçisi Sevinc Həsənova bildirdi ki, bu təşəbbüsün məqsədi qadınların, ailələrin və ümumilikdə əhalinin sağlamlığının qorunmasında reproduktiv sağlamlığın rolu barədə KİV nümayəndələrini məlumatlandırmaqdır.
Seminarın birinci günündə İSİM KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Nurlan Əliyev “Əhalinin sağlamlığının yaxşılaşdırılmasında ictimai məlumatlandırmanın rolu”, Sevinc Həsənova “Reproduktiv sağlamlığın mahiyyəti və qlobal kontekstdə mövqeyi”, Milli Məclisin deputatı Məlahət Həsənova “Reproduktiv hüquqlar və qanunlar”, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutun mama-ginekoloqu Olqa Akçurina “Reproduktiv Sağlamlıq üzrə Milli Strategiya” mövzusunda çıxış etdilər. Çıxışlardan sonra mövzularla bağlı müzakirələr aparıldı və mütəxəssislər seminar iştirakçılarının suallarını cavablandırdılar. Seminarın ikinci günü ACQUIRE Layihəsinin əməkdaşı Afət Məmmədova “Ailə Planlaşdırılması: Ana və uşaq sağlamlığının yaxşılaşdırılması”, “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin direktoru Hakim Əlizadə “İslam və Ailə Planlaşdırılması: İnanclar, ailə və ənənələr”, USAİD İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsinin kommunikasiya üzrə meneceri Cəmilə Əzizova “Səhiyyə kommunikasiyasının rolu”, ACQUIRE Layihəsinin əməkdaşı Nabat Mursaqulova “ACQUIRE Layihəsi: Sağlamlıq naminə əməkdaşlıq” mövzularında təqdimatlarla çıxış etdilər. 

Təqdimatların ardından panel müzakirələri keçirildi. Hədəf ərazilərdə ACQUIRE Layihəsi ilə əməkdaşlıq edən könüllü təlimçilər və icma liderləri reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində apardıqları maarifləndirmə işləri barədə məlumat verdilər və jurnalistlərin suallarını cavablandırdılar. Müzakirələrdən sonra Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun əməkdaşı İlhamə Monsumovanın rəhbərliyi ilə qrup işi başladı. Jurnalistlər seminar zamanı öyrəndiklərinə əsaslanaraq yazmaq istədikləri məsələlərlə bağlı məqalələrin qısa xülasəsini hazırladılar və gələcəkdə bu istiqamətdə necə işləməyi planlaşdırdıqları barədə danışdılar. Seminarın sonunda seminarda iştirak edən jurnalistlərə sertifikatlar təqdim edildi.