18.05.2008-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahtalar Mərkəzi( İSİM), Respublika QİÇS-lə Mübarizə Mərkəzi, “AİDS-lə Mübarizə” İctimai Birliyinin birgə təşkilatçılığı və 24 saylı Yasamal Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin iştirakı ilə AİDS-dən ölənlərin Ümumdünya Xatirə Gününə həsr olunmuş aksiya keçirildi. | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

21 MAY 2008

18.05.2008-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahtalar Mərkəzi( İSİM), Respublika QİÇS-lə Mübarizə Mərkəzi, “AİDS-lə Mübarizə” İctimai Birliyinin birgə təşkilatçılığı və 24 saylı Yasamal Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin iştirakı ilə AİDS-dən ölənlərin Ümumdünya Xatirə Gününə həsr olunmuş aksiya keçirildi.

Fizuli meydanında keçirilən aksiyada 24 saylı Yasamal Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin şagirdləri daş döşəmələrin üzərində AİDS-lə mübarizə mövzusunda rəsmlər çəkdilər. Aksiyanın sonunda şagirdlərə hədiyyələr təqdim olundu. 20 şagirdin qatıldığı aksiya AİDS-dən ölənlərin xatirəsini yad etmək və ictimaiyyətin diqqətini bir daha bu problemə cəlb etmək məqsədilə keçirildi. Tədbirin baş tutmasında Yasamal Rayon İcra Hakimiyyətinin də dəstəyi olmuşdur.

19.05.2008-ci il tarixdə isə İSİM-də, İctimai Səhiyyə və İslahtalar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, “AİDS-lə Mübarizə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə AİDS-dən ölənlərin Ümümdünya Xatirə Gününə həsr olunmuş dəyirmi masa keçirildi.Dəyirmi masada İSİM direktoru Ceyhun Məmmədov, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun İctimai Səhiyyə Proqramının direktoru Leyla İmanova, Vişnevskaya-Rostropoviç Fondunun direktoru Soltan Məmmədov, BMT-nin Əhali Fondunun Azərbaycan üzrə nümayəndəsi Fərid Babayev, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatının, “AİDS-lə Mübarizə” İctimai Birliyinin, USAİD-in İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsinin, UNİSEF, 24 saylı Yasamal Uşaq-Gənclər Yaradacılıq Mərkəzinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, ACQUIRE Azərbaycan Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırırlması Layihəsinin, “Sağlamlığa Çağırış” QHT Alyansının, “Hüquqi İnkişaf və Demokratiya” İctimai Birliyinin nümayəndələri və KİV təmsilçiləri iştirak edirdilər.

Tədbiri giriş sözu ilə açan İSİM direktoru C.Məmmədov bildirdi ki, dəyirmi masanın keçirilməsində məqsəd AİDS-dən ölənlərin xatirəsini yad etmək, cəmiyyətin diqqətini AİDS-ə qarşı mübarizə məsələlərinə, HİV-lə yaşayan insanların problemlərinə cəlb etməkdir. C. Məmmədov qeyd etdi ki, xatirə günü ilk dəfə 1983-cü ildə San-Fransisko şəhərində təsis olunmuş və keçirilmişdir. O vaxtdan AİDS-dən milyonlarla insan ölüb. Azərbaycanda isə 210 nəfər dünyasını dəyişib. Onun sözlərinə görə AİDS-ə qarşı mübarizədə yalnız bütün cəmiyyətin, dövlət orqanları, QHT-lər, KİV-in birgə səyləri ilə müsbət nəticələr əldə etmək olar. Bu cür tədbirlərin keçirilməsi də AİDS-ə qarşı mübarizədə səylərin əlaqələndirilməsinə yardımçı ola bilər.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru H. Qədirova Azərbaycanda AİDS-ə qarşı profilaktika və mübarizə tədbirləri, HİV-ə yoluxmalar, AİDS-dən ölüm halları ilə bağlı məlumatların əks olunduğu təqdimatla çıxış etdi. O qeyd etdi ki, 2007-ci il üçün məlumatlara görə, bütün dünyada 33,2 milyon insan HİV virusu ilə yaşayır, bu günə qədər isə 5 milyon insan AİDS-dən dünyasını dəyişib. Hazırda inkişaf etmiş ölkələrdə AİDS-ə qarşı profilaktika və mübarizə istiqamətində görülən tədbirlər nəticəsində HİV-ə yoluxma hallarının azalması müşahidə olunur. Amma Afrika və Asiyada HİV-ə yoluxma halları yüksək olaraq qalmaqdadır. H. Qədirova bildirdi ki, 1987-ci ildən indiyə qədər Azərbaycanda 1510 nəfər HİV-ə yoluxan insan qeydə alınıb, onlardan 1446 nəfəri Azərbaycan vətəndaşlarıdır.

İnkişaf etmiş ölkələrin təcrübəsinin davamlı və geniş miqyasda aparılan profilaktika və maarifləndirmə işlərinin AİDS-lə mübarizədə böyük effekt verdiyinin sübut etdiyini vurğulayan Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Azərbaycanda bu istiqamətdə işlərin sürətləndirilməsi, bütün cəmiyyətin bu yöndə səfərbər olmasının vacibliyini qeyd etdi. Onun sözlərinə görə, buna nail olunarsa müəyyən müddətdən sonra Azərbaycanda çox böyük müsbət nəticələri müşahidə edə bilərik.

H.Qədirovanın çıxışının ardından Respublika QİÇS-lə Mübarizə Mərkəzinin hazırladığı AİDS-dən ölən Azərbaycan vətəndaşlarının adlarını əks etdirən təqdimat nümayiş olundu.Dəyirmi masada “AİDS-lə Mübarizə” İctimai Birliyinin nümayəndəsi Ramil Mirzəyev “AİDS-dən ölənlərin xatirə gününün keçirilməsinin məqsədi”, İSİM-in KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı Zaur İbrahimov “Xatirə gününün keçirilməsi və ictimai rəyin formalaşmasında KİV-in rolu” mövzusunda çıxış etdilər. İSİM-in Əhalinin Sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev 18 may tarixində AİDS-dən ölənlərin Ümumdünya Xatirə Gününə həsr olunmuş aksiya barədə tədbir iştirakçılarına məlumat verdi. Aksiyadan çəkilmiş fotoşəkillər, şagirdlərin çəkdikləri rəsmlər nümayiş etdirildi.

Tədbir iştirakçılarına HİV-ə yoluxma, qorunma üsullarından bəhs edən klip və video-çarxlar nümayiş etdirildi.Çıxışlardan sonra dəyirmi masa iştirakçıları AİDS-ə qarşı profilaktika, mübarizə, əhalinin maarifləndirilməsi tədbirləri, təşkilatlar arasında fəaliyyətin əlaqələndirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələr apardılar.