İctimai Səhiyyə və İslahatlar Mərkəzində İmmunlaşdırma həftəsinin başlaması ilə əlaqədar jurnalistlər üçün seminar keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

23 APRIL 2008

İctimai Səhiyyə və İslahatlar Mərkəzində İmmunlaşdırma həftəsinin başlaması ilə əlaqədar jurnalistlər üçün seminar keçirildi

21 aprel 2008-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) ölkədə İmmunlaşdırma həftəsinin başlaması ilə əlaqədar jurnalistlər üçün seminar keçirildi.

Tədbirdə İSİM direktoru Ceyhun Məmmədov, Səhiyyə Nazirliyinin Baş pediatrı Nəsib Quluyev, ÜST-nın Avropa Regional Bürosunun eksperti David Merser, Vişnevskaya-Rostropoviç Fondunun nümayəndəsi Şahin Ağayev, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) əməkdaşları Afaq Əliyeva və Emin Babayev, ÜST-nın Azərbaycan üzrə ölkə ofisinin nümayəndəsi Vüsalə Allahverdiyeva, KİV nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan İSİM direktoru Ceyhun Məmmədov bildirdi ki, seminarın keçirilməsində məqsəd media nümayəndələrinə Azərbaycanda 21-27 aprel tarixində keçiriləcək İmmunlaşdırma həftəsi barədə ətraflı məlumat vermək, onların suallarını cavablandırmaqdır. ÜST-nın Avropa Regional Bürosunun hər il olduğu kimi, cari ilin 21-27 aprel tarixini bölgə ölkələrini İmmunlaşdırma həftəsi kimi qeyd etməyə çağırdığını vurğulayan C.Məmmədov Azərbaycanın Avropa İmmunlaşdırma həftəsini qeyd edən 33 ölkənin sırasında olduğunu bildirdi.

İmmunlaşdırma həftəsinin keçirilməsində Səhiyyə Nazirliyinə ÜST-nın Azərbaycan üzrə ölkə ofisi, Vişnevskaya-Rostropoviç Fondu və UNİCEF dəstək verirlər.

Azərbaycanda İmmunlaşdırma həftəsinin ən birinci məqsədi - təmizləyici immunizasiyanın keçirilməsi – hər hansı səbəblərə görə, xüsusən də difteriya, tetanus, göyöskürək və poliomielit peyvəndlərini tam almamış və ya kənarda qalmış uşaqların peyvəndə cəlb edilməsidir. Eyni zamanda Avropa İmmunlaşdırma həftəsi hər bir uşağın peyvəndlərlə qarşısı alınan yoluxucu xəstəliklərdən qorunmaq hüququnun olması, əhalinin həssas qruplarına xüsusi diqqət yetirilməklə immunizasiyanın vacib və zəruriliyi haqqında əhalini daha yaxşı məlumatlandırmaq məqsədini də güdür. Bu təşəbbüs «Özünü və yaxınlarını qoru! Peyvənd et!», «Profilaktika, müdafiə, immunlaşdırma» şüarları altında həyata keçirilir.

Səhiyyə Nazirliyinin Baş pediatrı professor Nəsib Quluyev bildirdi ki, immunizasiyanın elmi əsaslarla tətbiq olunması, peyvənd, vaksin preparatlarının sənaye üsulu ilə hazırlanmasının başlanması bu sahəyə xeyli uğur gətirib: "Tarix göstərir ki, bu gün dünyada immunizasiyanın alternativi mövcud deyil. İlbəil peyvəndlərin sayı artır. Əgər 70-ci illərdə Azərbaycanda cəmi 3-4 xəstəliyə qarşı peyvənd aparılırdısa, artıq bu gün ölkəmizdə 9 yoluxucu xəstəliyə qarşı planlı peyvənd aparılır. Milli Peyvənd Təqvimimizi ÜST-nın təklif etdiyi ən optimal cədvələ uyğun yerinə yetiririk."

Baş pediatr əlavə etdi ki, Milli Peyvənd Təqviminə uyğun və qonşu ölkələrdən fərqli olaraq hazırda ölkədə 9 xəstəliyə qarşı peyvənd dövlət hesabına tam pulsuz aparılır. Azərbaycanda 1993-cü ildən etibarən peyvəndlə bağlı dövlət səviyyəsində geniş miqyaslı işlər görülüb. Bunun nəticəsidir ki, Azərbaycan hazırda ÜST-nın poliomielitsiz ölkə sertifikatını almış dövlətlər sırasındadır.

ÜST-nın Avropa Regional Bürosunun eksperti D. Merser “Avropa İmmunlaşdırma həftəsi” mövzusunda təqdimatla çıxış etdi. Ekspert qeyd etdi ki, Azərbaycanda immunlaşdırma yüksək səviyyədədir: "Ölkədə əhalinin 90 faizindən çoxu yoluxucu xəstəliklərə qarşı immunizasiyadan keçib. Uşaqların arasında isə 92-95 faizində immunlaşdırma aparılıb. Bizim əsas məqsədimiz isə bu göstəricilərin 100 faizə çatdırılmasıdır".

RGEM-in İmmunoprofilaktika şöbəsinin müdiri A. Əliyeva “Azərbaycanda İmmunlaşdırma Proqramı” mövzusunda təqdimatla çıxış etdi. Onun sözlərinə görə, respublikada kütləvi immunlaşdırma kampaniyaları 1994-1995-ci illərdə difteriya, 1995-ci ildən başlayaraq poliomielitə, 2006-cı ildə qızılca və məxmərəyə qarşı aparılıb. 2001-ci ildən 2006-cı ilədək respublika üzrə difteriya xəstəliyi qeydə alınmayıb. Amma difteriya əleyhinə son immunlaşdırma kampaniyasından 10 ildən çox müddət keçdiyi üçün əhali arasında qeyri-immun təbəqənin artması müşahidə olunur. Bunun nəticəsidir ki, 2007-ci ildə 4 difteriya hadisəsi qeydə alınıb. Bu səbəbdən də Səhiyyə Nazirliyi 16 yaşlılarda difteriya əleyhinə kütləvi immunlaşdırma aparılmasına başlayacaq: "Eyni zamanda, difteriyaya qarşı peyvənd olunmaq üçün həmin yaş qrupunun 2009-cu ildən Peyvənd Təqviminə salınması planlaşdırılır".

Təqdimatlardan sonra ekspertlər jurnalistlərin suallarına cavab verdilər.