İctimai Səhiyyə və İslahatlar Mərkəzi “Sağlamlığı iqlimin dəyişməsindən qoruyaq” şüarı altında tədbirlər keçirib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

7 APRIL 2008

İctimai Səhiyyə və İslahatlar Mərkəzi “Sağlamlığı iqlimin dəyişməsindən qoruyaq” şüarı altında tədbirlər keçirib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları 2008-ci il aprelin 4-də Bakı 2 saylı Baza Tibb Məktəbində və Bakı 1 saylı Tibb Məktəbində, aprelin 7-də isə Bakı Slavyan Universitetində Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş tədbirlər keçirib. Tədbirlərdə sözügedən təhsil müəssisələrinin müəllim və tələbələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin aparıcı mütəxəssisi Məhərrəm Mehdiyev, sağlam həyat tərzi üzrə Səhiyyə Nazirliyinin milli koordinatoru işçi qrupunun nümayəndəsi Bəhruzə Vəlizadə iştirak ediblər.

Keçirilən tədbirlərdə Ümumdünya Sağlamlıq Günü barədə məlumat verən İSİM-in Əhalinin Sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev bildirib ki, 1948-ci ildə Ümumdünya Səhiyyə Assambleyası ÜST-nın yaradılmasını qeyd etmək üçün, 7 aprel Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış edib. Hər il Ümumdünya Sağlamlıq Gününün mövzusu ÜST üçün prioritet sayılan bir problemi diqqət mərkəzinə gətirir. 

Bu il Ümumdünya Sağlamlıq Gününün “Sağlamlığı iqlimin dəyişməsindən qoruyaq” şüarı altında keçirildiyini vurğulayan T. Musayev qeyd edib ki, qlobal iqlimin dəyişməsi müasir dövrün mühüm problemlərindən biridir. Qeyri-stabil və dəyişkən iqlim insanın sağlamlığına ciddi təsir edir. Yüksək hərarət dövrləri, fırtınalar, daşqınlar və quraqlıqlar hər il on minlərlə insanın həyatına son qoyur. İqlimin dəyişməsi ilə bağlı xəstəliklərin yayılması, məsələn, diarreya, malyariya, zülal çatışmazlığı hər il 3 milyon insanın ölümünə səbəb olur. Təbii fəlakətlərlə əlaqəli iqlimin dəyişməsi hər il 60 min insanın həyatına son qoyur. Bununla belə, bu rəqəmlər iqlimin dəyişməsinin sağlamlığa təsir göstərəcək dolayı nəticələrini tam əks etdirmir.

İctimai səhiyyənin ənənəvi üsulları iqlimin dəyişməsinə effektiv təsir edə biləcək vacib elementlərdəndir. Təmiz su və sanitariya, kifayət qədər miqdarda olan təhlükəsiz qida məhsulları, immunizasiya, xəstəliklər üzərində epidemioloji nəzarət, xəstəliklərin ötürücüləri ilə mübarizədə təhlükəsiz və təsiredici vasitələr, təbii fəlakətlərə hazırlıq da, həmçinin, iqlimin dəyişməsinə adaptasiya vasitələri kimi ictimai səhiyyənin fəaliyyətinin vacib ünsürlərindəndir. 

T. Musayev qeyd edib ki, ekologiyanın qorunması, ətraf mühitin mühafizəsi, meşələrin inkişafı, hidrometeorologiya, geologiya sahəsində son bir neçə ildə Azərbaycanda böyük işlər görülmüşdür. Müstəqil Azərbaycana miras qalmış ekoloji problemlər təhlil edilərək onların kompleks həllinə yönəlmiş 5 milli və dövlət proqramları təsdiq edilmiş, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində qanunvericilik aktları və hökumət qərarları təkmilləşdirilmiş, ölkəmiz beynəlxalq əlaqələri genişləndirərək ekologiya sahəsində 20-dək beynəlxalq konvensiyaya qoşulmuşdur.

Keçirilən tədbirlərdə İSİM-in Əhalinin Sağlamlığı şöbəsinin əməkdaşları, S. Əliyeva “Sağlamlığı iqlimin dəyişməsindən qoruyaq”, A. Bağırova “Siqaret, yoxsa sağlamlıq”, F. Əfəndiyeva “Vərəm” mövzusunda təqdimatlarla çıxış ediblər. Təqdimatlardan sonra məruzəçilər və dəvət olunmuş ekspertlər hər bir mövzu ilə bağlı tələbələrin suallarına cavab veriblər.