11 MARCH 2008
“Səhiyyədə elektron sistemə keçid” mövzusunda konfrans keçirildi
6 mart 2008-ci il tarixdə Park İnn mehmanxanasının Füzuli konfrans zalında Səhiyyə Nazirliyi və Türkiyənin “Akgün Yazılım” şirkətinin birgə təşkil etdiyi “Səhiyyədə elektron sistemə keçid” mövzusunda konfrans keçirildi.
Konfransda səhiyyə nazirinin müavini Elsevər Ağayev, rabitə və informasiya texnologiyaları nazirinini müavini Elmir Vəlizadə, “Akgün Yazılım” şirkətinin baş direktoru Temel Akgün, səhiyyədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə türkiyəli ekspertlər, Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Səhiyyə Nazirliyinin Səhiyyə İslahatları layihəsi İcra Qrupunun əməkdaşları iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirdi ki, Azərbaycan iqtisadiyyatı sürətlə inkışaf edir, iqtisadi artım tempniə görə ölkəmiz dünyada liderdir. Bütün sahələr olduğu kimi səhiyyə sektoru da da inkişaf edir, ildən-ilə səhiyyəyə dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti 30-40 faiz artırır. Bu son hədd deyil, səhiyyəyə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin gələcəkdə də artırılması nəzərdə tutulur.
Nazir müavini son illər çoxlu sayda yeni tibb müəssisələrinini tikildiyi barədə məlumat verdi. Onun sözlərinə görə, Kliniki Tibbi Mərkəz yenidən qurulub, ilin sonuna qədər Elmi Tədiqiqat Oftomologoya İnstitutu bu ilin sonuna qədər istifadəyə veriləcək. Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olraq Respublika Uroloji Xəstəxanasında Böyrək Köçürmə Mərkəzinin yaradılması üzrə işlər yekunlaşdırılır və ən yeni texnologiyalarla təchiz olunmuş Mərkəz ilin sonunda fəaliyyətə başlayacaq. Son bir ildə regionlarda tikilən tibb müəssəsələrinin sayı son 10 ildə bütün ölkə üzrə tikilən tibb müəssisələrinin sayından çoxdur.
E. Ağayev bildirdi ki, dövlət büdcəsindən investisiya proqramlarının maliyyələşdirilməsi çərçivəsində səhiyyə sisteminə 94 milyon manatdan çox vəsait ayrılıb. Bu vəsaitlər tibb müəssisələrinin tikilməsi, təmiri, yenidən qurulmasına yönəldilir.
Nazir müavini bildirdi ki, 1999-cu ildə Azərbaycanda “Tibbi sığorta haqqında” qanun qəbul olunub, amma bu vaxta qədər icbari tibbi sığorta tətbiq edilməyib. Ötən il dövlət başçısı Nazirlər Kabinetinin yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması barədə fərman imzalayıb. Nazir müavini bildirdi ki, Səhiyyə Nazirliyi səhiyyə sistemində islahatlar aparır, bu islahatların məqsədi səhiyyə sisteminin müasir səviyyədə qurulmasıdır. “Elektron Azərbaycan” Dövlət Proqramının Səhiyyə ilə bağlı bəndlərinin həyata keçirilməsi də bu məqsədə xidmət edir. Proqramın həyata keçirilməsi üçün ötən il 2 milyon, bu il isə bir qədər artıq maliyyə vəsaiti ayrılıb. Bu proqramın həyata keçirilməsi üçün müəyyən işlər görülüb, Nazirlikdə ən müasir standartlara cavab verən lokal şəbəkə yaradılıb, 2007-ci ilin sonunda “Heydər Əliyev Fondu”nun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə Elektron sağlamlıq kartı təqdim edilib. Nazirliyin əməkdaşları səhiyyədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi təcrübəsi ilə tanış olmaq məqsədilə Türkiyəyə səfər ediblər.
E. Ağayev Azərbaycanda elektron səhiyyənin yaradılması işlərinin sürətləndirilməsinin zəruri olduğunu da qeyd etdi.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə “Elektron Azərbaycan” Dövlət Proqramı 2005-ci ildə qəbul olunub. Proqramda səhiyyə ilə bağlı bəndlər də var. Onun sözlərinə görə bütün sahələrdə əhali ilə dövlət orqanlarının təması ilə bağlı yeni mexanizmlərin yaradılması üçün yeni texnologiyaların tətbiqi vacibdir. Səhiyyədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi insanlara tibbi xidmətlərinin göstərilməsi, müayinə, müalicə, məlumatların toplanması sahəsində yeni imkanlar açır.
Daha sonra “Akgün Yazılım” şirkətinin baş direktoru Temel Akgün öz çıxışında bildirdi ki, elekron səhiyyənin tətbiqi ilk növbədə insanlara göstərilən tibb xidmətlərinin keyfiyyətini artırmağa, səhiyyə sahəsində səmərəli strateji planlaşdırma aparmağa, səhiyyə sistemidə daha yaxşı idarəetməyə nail olmağa imkan verir. Onun sözlərinə görə bu sistemin tətbiqi insanlara daha keyfiyyətli tibb xidməti göstərilməsi ilə bağlı yeni imkanlar açır, hətta həkim yolda ikən mobil telefondan istifadə etməklə xəstənin vəziyyəti barədə məlumatlar ala bilir. T. Akgün artıq Türkiyədə xəstəxanalarda elektron bilgi sistemini yaradıldığı barədə də məlumat verdi. O, Azərbaycanda da səhiyyədə elekton sistemlərin tətbiqini çox vacib addım hesab etdiyini və “Akgün Yazılım” şirkətinin bu sahədə təcrübəsini Azərbaycanda bölüşməyə hazır olduğunu açıqladı.
“Akgün Yazılım” şirkətinin baş koordinatoru Gökmen Kuvvet, “e-səhiyyə nədir? Niyə e - səhiyyə? ”, Denizli Servergazi xəstəxanası baş həkimi Dr. Gürbüz Akçay “e-səhiyyə yolunda keçid”, “e-keçid: Türkiyə və dünya” mövzularında məruzə ilə çıxış etdilər.
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktor müavini Cəbrayıl Əsədzadə Elektron Sağlamlıq Kartının tətbiq edilməsi barədə məlumat verdi. Bu kartlara şəxsi və bütün tibbi məlumatlar daxil edilir. Onun sözlərinə görə, 14 yaşına qədər olan uşaq kontingentinin tibbi məlumatlarının bu sistemə daxil edilməsi əsas hədəf kimi götürülüb. C, Əsədzadə qeyd etdi ki, Səhiyyə Nazirliyi Elektron Azərbaycan Proqramının həyata keçirilməsi ilə bağlı üzərinə düşən işlərin görülməsində ilk sıradadır.