7 FEBRUARY 2008
İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Səhiyyə kommunikasiyasının əsasları” mövzusunda treninq keçirildi
2008-ci il 4-6 fevral tarixində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyələşdirdiyi İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi layihəsi tərəfindən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Əhalinin Sağlamlığı, KİV və İctimaiyyətlə Əlaqələr şöbələrinin əməkdaşları üçün “Səhiyyə kommunikasiyasının əsasları” mövzusunda treninq keçirildi. Treninqi İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi layihəsinin Səhiyyə kommunikasiyası üzrə meneceri Cəmilə Əzizova apardı.
Treninqdə iştirakçılara səhiyyə kommunikasiyası, effektiv səhiyyə kommunikasiyasının xüsusiyyətləri, kommunikasiya strategiyasının hazırlanması, onun inkişaf etdirilməsi, idarə olunması, monitorinqi, qiymətləndirilməsi ilə bağlı bilgilər verildi. İştirakçılar səhiyyə kommunikasiyasının hazırlanması çərçivəsində davranışın dəyişdirilməsi məqsədləri, hədəf auditoriyanın seçilməsi, veriləcək mesajların, təbliğat-təşviqat materiallarının hazırlanması, onların sınaqlardan keçirilməsi, çatdırılması kanalları və vasitələrinin seçilməsi barədə bilgilər aldılar.
Eyni zamanda treninq iştirakçılarına media kampaniyasının hazırlanması, bunun üçün zəruri olan işlərin görülməsi, təsirin qiymətləndirilməsi, kampaniyanın davam etdirilməsinin planlaşdırılması öyrədildi. İştirakçılara QİÇS, “quş qripi”, vərəm xəstəlikləri barədə əhalinin maarifləndirilməsi, kontraseptiv vasitələrin tətbiqinin təşviq edilməsi məqsədilə, İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi layihəsi tərəfindən hazırlanan, həmçinin başqa ölkələrdə istehsal edilən reklam çarxları, qısametrajlı filmlər nümayiş etdirildi. “ACQUIRE Azərbaycan” təşkilatının Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması layihəsinin əməkdaşı Sevinc Həsənova kontraseptiv vasitələrin tətbiqi ilə bağlı maarifləndirici reklam çarxlarının hazırlanması prosesi barədə məlumat verdi. Treninqin son günündə iştirak edən USAİD təmsilçiləri də kommunikasiya strategiyasının, media kampaniyasının hazırlanması barədə öz fikirləri ilə bölüşdülər.
Treninq iştirakçıları qruplara bölünərək öyrəndiklərinin əsasında seçdikləri problemlə bağlı səhiyyə kommunikasiyası strategiyasının hazırlanmasını sınaqdan keçirdilər. Treninqin son günündə iştirakçılar komanda şəklində vərəm xəstəliyi, onun müalicəsi barədə media kampaniyası hazırlanması ilə bağlı öz təkliflərini verdilər.
Treninqin sonunda iştirakçılara “Səhiyyə kommunikasiyasının əsasları” kursunu bitirdiklərinə görə sertifikatlar verildi.