6 MAY 2010
Azərbaycan Tütünlə Mübarizə Koalisiyasının IV görüşü
2010-cu il may ayının 6-da İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Azərbaycan Tütünlə Mübarizə Koalisiyasının IV görüşü keçirildi. Görüşdə İSİM, Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası və ABŞ-ın Cons Hopkins Universitetinin Blumberq İctimai Səhiyyə Məktəbinin Kommunikasiya Proqramları Mərkəzi tərəfindən həyata keçirilən “Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiyanın Hazırlanması” layihəsi çərçivəsində və Ümumdünya Ağ Ciyər Fondu tərəfindən verilmiş qrant əsasında çap edilmiş “Tütünə nəzarət” adlı vəsait təqdim olundu. Öz sağlamlığı və səhiyyə siyasəti haqqında düşünən və tütün istehsalı sahəsində idarəetmə, siyasət, iqtisadiyyat, biznes, korporasiya işləri, kontrabanda, vergilər, din, internet, resursların bölüşdürülməsi kimi mövzularla tanış olmaqda maraqlı olan və cəmiyyətin inkişafı və ümumiyyətlə gələcək haqqında düşünən və tütünlə mübarizə sahəsində fəaliyyət göstərən hər bir şəxs üçün nəzərdə tutulan vəsaiti nəzərdən keçirdirdikdən sonra iştirakçılar öz rəy və fikirlərini bildirdilər. Tütün dünya əhalisinin qarşısı alına bilinən əsas ölüm səbəblərindən biri olduğunu qeyd edən Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının rəhbəri Nurlan Əliyev tütünə nəzarətlə bağlı bütün məqamların açıqlandığı və Azərbaycan dilində hazırlanmış ilk vəsait olan bu nəşrin tütünə qarşı mübarizə sahəsində çox mühüm addım olduğunu vurğuladı. Görüşün sonunda 31 may Ümumdünya Tütünsüz Günü ilə əlaqədar keçiriləcək tədbirlər müzakirə olundu və təkliflər dinlənildi. Tədbirdə İqtisadi İnkişaf Nazirliyi, Təhsil Nazirliyi, Sağlam Düşüncə İctimai Birliyi, Ombudsman Aparatı, Reproduktiv Sağlamlıq və Ailə planlaşdırılması layihəsi, Sağlamlığa çağırış Alyansı, Ümumdünya Səhiyyə Təşkilatı, Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası, İSİM-in əməkdaşları iştirak etdilər.