25 FEBRUARY 2010
Neonatologiya və mamalıq üzrə klinik protokolların işlənib hazırlanmasına dair işgüzargörüş
2010-cu il 24 fevral tarixində İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Neonatologiya və Mamalıq üzrə klinik protokolların işlənib hazırlanması”na dair işgüzar görüş keçirildi.
Görüşü İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov açaraq Azərbaycan Respublikasında klinik protokolların işlənib hazırlanması üzrə mövcud təcrübə haqqında iştirakçılara məlumat verdi.
Tədbirdə iştirak edən beynəlxalq ekspertlər Arunas Lübşis, Ruta Nadişauskene, Qunta Ladzane bu sahədə görülən işlər barəsində fikirlərini iştirakçılarla bölüşdülər. Bu sahədə böyük həcmdə əhəmiyyətli işlər görüldüyü xüsusilə qeyd edildi.
Səhiyyə Nazirliyinin Reproduktiv Sağlamlıq layihəsi üzrə milli koordinatoru Faizə Əliyeva klinik protokolların tətbiqi, monitorinqi, mövcud təcrübə və problemlər haqqında məruzə ilə çıxış etdi. Azərbaycanda yaranması vacib olan növbəti klinik protokolların mövzuları müzakirə edildi və hər bir iştirakçının fikri nəzərə alındı.
Azərbaycanın reproduktiv sağlamlıq sahəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dəstək ala biləcək 53 ölkədən biri olduğunu qeyd edən beynəlxalq ekspert Qunta Ladzane klinik protokolların mövzularının seçimi barəsində fikirlərini iştirakçılarla bölüşdü.
Klinik protokolların yaradılması tibbi xidmətin göstərilməsinin keyfiyyətinin yüksəlməsi sahəsində mühüm addımlardan biri olduğu bir daha qeyd edildi. İştirakçılar klinik protokolların tətbiqi ilə bağlı metodik tövsiyələrin yaranması zərurətini bir daha vurğuladılar. Klinik protokolların tətbiqi üzrə monitorinqin keçirilməsi ilə bağlı yaranan sualların həlli üzrə də müzakirələr aparıldı.
İclas iştirakçıları klinik protokolların təxmini olaraq mövzular siyahısını, işci qrupların siyahısını və klinik protokolların işlənib hazırlanması üçün müddəti və növbəti görüşü müzakirə edib müəyyənləşdirdilər.
Səhiyyə Nazirliyi tərəfindən planlaşdırılmış görüşdə hazırlanmış klinik protokolların tərtibində iştirak edən mama-ginekoloqlar, neonatoloqlar, pediatrlar, Azərbaycan Tibb Universitetinin və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mama-ginekologiya kafedralarının, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun, Respublika Perinatal Mərkəzinin, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, Ailə Planlaşdırma Mərkəzinin, Abt Associates təşkilatının və ÜST-ün nümayəndələri, beynəlxalq ekspertlər iştirak etdilər.