27 APRIL 2010
“Uşaqlar arasında respirator xəstəliklərin azaldılması məqsədi ilə yeni vaksinlərin tətbiq edilməsi” mövzusunda Konfrans
2010-cu il 27 aprel tarixində İctmai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Avropa İmmunlaşdırma Həftəsi çərçivəsində Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri və Abşeron rayonunun pediatr və epidemioloqlarının iştirak ilə “Uşaqlar arasında respirator xəstəliklərin azaldılması məqsədi ilə yeni vaksinlərin tətbiq edilməsi” mövzusunda konfrans keçirildi.
Açılış nitqində Avropa İmmunizasiya Həftəsinin ən birinci məqsədi olan təmizləyici immunizasiyanın keçirilməsinin və bu sahədə əhalinin daha yaxşı məlumatlandırılmasının vacibliyindən danışan İSİM-in direktoru Ceyhun Məmmədov ölkəmizdə immunlaşdırmanın vəziyyəti, 1993-cü ildən etibarən peyvəndlə bağlı dövlət səviyyəsində görülən geniş miqyaslı işlərin nəticəsi olaraq, ölkəmizin hazırda Ümumdünya Səhiyyə Təşkilatının poliomielitsiz ölkə sertifikatını almış dövlətlər sırasında olduğunu iştirakçıların diqqətinə çatdırdı.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun epidemioloji məsələlər üzrə müavini Svetlana Zmitroviç immunlaşdırmanın uşaqların sağlam böyüməsində rolu, bu sahədə həkim və valideynlərin səylərinin birləşdirilməsinin əhəmiyyəti barədə fikirlərini iştirakçılarla bölüşdü.
Daha sonra konfransın aparıcısı Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor müavini, professor Səfixan Həsənov profilaktik tədbirlərin vaxtında görülməsinin əhəmiyyəti, immunlaşdırılmanın aparılması prosesi zamanı ortaya çıxan baryerlər, neqativ tendensiyalar barədə ətraflı danışdı və bu prosesdə valideynlərin məlumatlandırılmasının vacibliyini vurğuladı.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşı Donara Quliyeva B tipli Heamophilus influenzae (Hib) tərəfindən törədilən xəstəliklər və bu xəstəliklərin qarşısının alınması haqqında ətraflı məlumat verdi.
Mövzu ətrafında müzakirələrdən sonra tədbir Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşı Sənubər Səlimovanın bakterial meningitlər üzərində kəşfiyyat xarakterli epidemioloji nəzarətin keçirilməsi haqqında təqdimatı ilə davam etdi.
Pnevmokoklar tərəfindən törədilən xəstəliklər barədə danışan Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşı Vüsalə Allahverdiyeva bu xəstəliklərin qarşısının alınmasında vaksinlərin əhəmiyyətini iştirakçıların diqqətinə çatdırdı.
Sonda yekun söz ilə çıxış edən Dr. Svetlana Zmitroviç iştirakçıları 2010-cu il may ayının 10-na kimi planlı immunlaşdırmadan hər hansı bir səbəbdən kənarda qalan uşaqların milli peyvənd təqviminə uyğun peyvəndlərlə əhatələnməsinin təmin etmələrinə çağırdı.