18 JUNE 2007
18 iyun Mətbuat konfransı üçün hazırlanmış press reliz
Azərbaycan Respublikasında səhiyyə sahəsində görülmüş işlər barədə
Sosial yönümlü cəmiyyətin əsas məqsədi təminatlı tibbi xidmətin təqdim edilməsi, yaşayış səviyyəsinin yüksəldilməsi və xəstəliklərin profilaktikası yolu ilə əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasıdır. Son illər ərzində səhiyyənin əsas prioritet sahələri üzrə Səhiyyə Nazirliyi tərəfindən Respublika Prezidentinin təşəbbüsü ilə ən vacib sahələr üzrə «Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı», «Hemofiliya və talassemiya irsi qan xəstəliyi üzrə Dövlət Proqramı», «Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər proqramı», «Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı», «Onkoloji xəstələrin həyati vacib şiş əleyhinə preparatlarla təminatı üzrə Tədbirlər proqramı», «Ana və uşaqların sağlamlığının qorunması haqqında Tədbirlər Proqramı» hazırlanmış və Nazirlər Kabineti tərəfindən qəbul edilmişdir. Bundan əlavə hər yeni doğulan uşağa dövlət hesabına onun peyvənd, müayinə və müalicəsində böyük yardımçı olacaq plastik sağlamlıq kartlarının, eləcə də tibbi müayinə kartlarının tətbiqi qaydaları işlənib hazırlanaraq hökumət tərəfindən təsdiq edilmişdir. Proqramların reallaşması üçün ilk dəfədir ki, dövlət tərəfindən maliyyə vəsaitlərin ayrılması nəzərdə tutulmuşdur. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanunu ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin sərəncamı ilə icbari tibbi sığorta sisteminin tətbiqini təmin etmək məqsədi ilə aidiyyatı nazirliklərin rəhbər işçilərindən ibarət Koordinasiya Şurası yaradılmış və «Azərbaycanda səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiq edilməsi üzrə Proqram» layihəsi hazırlanmışdır. Hazırda bu layihənin pilot rayonlarında həyata keçirilməsinə başlamaq üçün müvafiq tədbirlər görülür. Əldə olunan nəticələrə əsasən layihənin tətbiqi bütün respublikada davam edəcəkdir. Səhiyyə sistemində aparılan islahatlar çərçivəsində, respublika səhiyyə xidmətinin təşkilini, səhiyyə proqramlarının işlənib hazırlanması və tətbiqi sahəsində əsas istiqamətlərin müəyyənləşdirilməsini, tibb müəssisələrində aparılan islahatların tənzimlənməsi, eləcə də səhiyyənin maliyyələşməsi sahəsində islahatların aparılmasının metodik əsaslandırılmasının həyata keçirilməsi məqsədilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi yaradılmışdır. Əsasnaməyə əsasən Səhiyyə Nazirliyinin əhaliyə tibbi xidmətin təşkilində və bu xidmətlərin müasir beynəlxalq standartlar çərçivəsində qurulmasına və islahatların aparılmasına dair dövlət siyasətinin müəyyənləşdirilməsində, Respublika əhəmiyyətli tibb müəssisələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada tənzimlənməsində iştirakı Mərkəzin əsas funksiyaları kimi müəyyənləşdirilmişdir. İldən-ilə səhiyyəyə ayrılan büdcə vəsaiti artırılır. Belə ki, 2003-cü ildə 276,6 milyard manat ayrılmışdırsa, 2005-ci ildə bu rəqəm 583,9 milyard manat olmuş, 2006-cı ilə isə büdcə 789 milyard manat olunmuşdur ki, bu da son üç ildə səhiyyənin büdcəsinin 3 dəfə artması deməkdir. 2007-ci il üçün 270 milyon manat ayrılması nəzərdə tutulmuşdur ki, bu da 2006-cı illə müqayisədə 47% artım deməkdir. Səhiyyə xərclərinə ayrılan vəsaitin artım tempi Azərbaycanda dünyanın əksər ölkələrindən yüksəkdir.
Hazırda Səhiyyə Nazirliyi sistemində ümumi çarpayı fondu 62 657-yə bərabər olan 700 stasionar tipli tibb müəssisəsi, 1560 ambulator poliklinika müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 28 112 həkim, 56 424 orta tibb işçisi çalışır. Əhalinin həkimlərlə təminatı hər 10 min nəfərə 33,3, orta tibb işçilərlə isə 66,9. Bu rəqəmlər MDB ölkələrində olan səviyyədədir. Eyni zamanda Avropa ölkələrində olan səviyyədən yüksəkdir. Tibb işçilərinin əməyinin stimullaşdırılması vacib faktorlardan biridir. Respublika rəhbərliyinin diqqət və qayğısı nəticəsində son illər ərzində mütəmadi olaraq onların əmək haqları artırılır. Hazırda həkimlərin orta maaşı təxminən 88 manat, orta tibb işçilərinin isə 66 manat təşkil edir. Respublikanın kənd yerlərində həkim qıtlığı və çox saylı vakansiyaların olduğunu nəzərə alaraq son illərdə ilk dəfə olaraq 2006-cı ildə tibb təhsilini başa çatdıran məzunların 60%-inin təyinatı kənd yerlərinə verilmişdir. 2007-ci ildə də bu tendensiya davam etdirilir. Bu ildən səhiyyə sistemində son illər dayandırılmış tibbi xidmət sahəsində yüksək iş təcrübəsi ilə fərqlənən həkimlərə ixtisas dərəcəsinin verilməsi işi bərpa olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında” qərarını rəhbər tutaraq Azərbaycan Respublikasının səhiyyə sistemində çalışan həkimlərə ixtisas dərəcəsinin verilməsi üçün “Tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi Qaydaları” işlənib hazırlanmış və Səhiyyə nazirliyinin əmri ilə müxtəlif ixtisaslar üzrə İxtisaslaşdırılmış Komissiyaların tərkibləri təsdiq olunmuşdur.
İyun ayından etibarən komissiyalar öz işinə başlayacaqdır. 2006-cı ildə ötən illə müqayisədə xəstəxana çarpayılarının işinin səmərəsi də artmışdır. Əgər 2005-ci ildə hər çarpayı il ərzində 111,2 gün işləmişdirsə, 2006-cı ildə bu rəqəm 150,5-ə bərabər olmuşdur. Beləliklə təkcə bir il ərzində çarpayıların fəaliyyətinin səmərəlilik göstəricisi ilkin hesablamalara əsasən 35%-dən yuxarı artmışdır ki, bu da Azərbaycan səhiyyəsinin tarixində ilk dəfə qeyd olunur. Bununla bərabər 2005-ci illə müqayisədə 2006-cı ildə xəstəxanalarda müalicə olunan xəstələrin sayı 11 min nəfərdən yuxarı, təcili tibbi yardım göstərilən xəstələrin sayı 103 min nəfərdən yuxarı, ambulator müəssisələrə müraciət edənlərin sayı 600 min nəfərdən yuxarı, təxirəsalınmaz cərrahiyyə əməliyyatı aparılmış xəstələrin sayı 2200 nəfərdən yuxarı artmışdır. Qeyd olunanlar ümumiyyətlə səhiyyəyə ayrılan maliyyə vəsaitinin artırılması, tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, tibb avadanlığı, dərman və sarğı materialları, ərzaqla təminatının yaxşılaşdırılması nəticəsində baş vermişdir. Ana və uşaqların sağlamlığını xarakterizə edən əsas göstəricilər yaxşılaşmışdır. 1 yaşa qədər uşaq ölümü 12,7 promillidən 12 promilliyə enmiş, evdə doğuşların sayı 9,5% azalmışdır. Səhiyyə Nazirliyi yoluxucu xəstəliklərlə mübarizə işində beynəlxalq və qeyri-hökumət təşkilatları ilə yaradılan işgüzar əməkdaşlığı daha da inkişaf etdirərək yeni-yeni layihələr həyata keçirir. Qazanılmış nailiyyətlər Respublika rəhbərliyinin bu istiqamətdə aparılan tədbirlərə göstərdiyi diqqətin və qayğının nəticəsində mümkün olmuşdur. Yalnız immunlaşdırma ilə bağlı tədbirlərdə dörd dəfə ölkə başçısı şəxsən iştirak edərək öz dəstəyini bildirmiş və xeyir-duasını vermişdir. Heç bir zaman və heç bir ölkədə bu cür siyasi dəstək olmamışdır. 27 fevral 2006-cı il tarixdə Prezident cənab İlham Əliyevin şəxsən iştirakı ilə qızılca və məxmərəyə qarşı Milli immunlaşdırma Kampaniyasına start verilmişdir. Qafqaz regionunda ilk dəfə Azərbaycanda iki həftə ərzində qızılca və məxmərəyə qarşı uşaq və gənclər arasında kütləvi immunlaşdırma kampaniyası keçirilmiş və 2,5 milyondan artıq respublika vətəndaşı peyvəndə cəlb olunmuşdur.
Aksiyanın keçirilməsinə texniki və maliyyə dəstəyini Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Uşaq Fondu UNİCEF, Amerika Birləşmiş Ştatlarının Xəstəliklərə Nəzarət Mərkəzi, eləcə də Vişnevskaya-Rostropoviç Fondu göstərmişdir. Geniş immunlaşdırma tədbirləri bu il də davam edir. 16-22 aprel 2007-ci il tarixlərində respublikada immunlaşdırma həftəsi keçirilmiş və bu tədbirin açılışında Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri, Mehriban xanım Əliyeva şəxsən iştirak etmişdir.
Aparılmış immunlaşdırma kampaniyasının, eləcə də digər profilaktik tədbirlərin nəticəsində 2006-cı ildə 2005-ci illə müqayisədə qızılca 4,5 dəfə, məxmərək 1,7 dəfə, epidemik parotit 2,4 dəfə azalmışdır. Bununla yanaşı poliomielit, difteriya, tulyaremiya və s. xəstəliklər qeyd olunmamışdır. Malyariya xəstəliyi keçən ilə nisbətən 41% azalmışdır. Dünyanın bir sıra ölkələrində quş qripinə görə yaranmış gərgin epidemioloji vəziyyət respublikamızda da qeyd olunmuşdur. Keçən ildə 7 nəfər Salyan rayonunun Dayıkənd sakinində və 1 nəfər Tər-Tər rayonunun Bəyim-Sarov kənd sakinində quş qripi xəstəliyi qeydə alınmışdır. Quş qripinin profilaktikası məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən aparılmış məqsədyönlü profilaktik və əksepidemik tədbirlər nəticəsində xəstəlik ocağı qısa müddətdə lokallaşdırılmış və ləğv edilmişdir. Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri Səhiyyə Nazirliyi tərəfindən aparılmış tədbirləri yüksək qiymətləndirmişlər.
Quş qripinin profilaktikası məqsədilə tədbirlər keçən müddət ərzində də davam etdirilmişdir.
Tibb işçiləri üçün «İnsanlarda quş qripi xəstəliyinin aşkarlanması zamanı istifadə olunan qeydiyyat formalarının doldurulmasına dair» təlimat hazırlanmışdır. Mütəxəssislərin hazırlıq səviyyəsinin artırılması məqsədilə Respublikanın quş qripinə görə epidemioloji cəhətdən təhlükəli sayılan 15 şəhər və rayonunda ABŞ-ın Beynəlxalq Tibb Korpusunun xətti ilə təlimlər keçirilmişdir. Səhiyyə Nazirliyinin əmrinə əsasən Respublika Taun Əleyhinə Stansiyasının nəzdində «qaynar xətt» sisteminin yaradılmışdır. Görülmüş tədbirlər nəticəsində yeni quş qripi hadisələri baş verməmişdir. Hazırkı dövrdə tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi avadanlıqla təchiz edilməsi günün tələbinə çevrilmişdir.
Son zamanlar Respublika rəhbərliyinin yüksək siyasi dəstəyi ilə respublikamızda aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla, yüksəkkeyfiyyətli dərman vasitələri ilə təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir.
Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respubli¬ka¬sında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» məlum Fərmanı səhiyyənin inkişafına böyük təkan vermiş və geniş imkanlar yaratmışdır. Təsdiq olunmuş Dövlət Proqramına əsasən respublikanın 20-dən artıq şəhər və rayonunda müasir səhiyyə obyektlərinin tikintisi və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu işlər 2007-ci ildə daha yüksək templə davam etdirilmiş və 50-yə qədər tibb müəssisəsinin tikintisi, əsaslı təmiri və yenidən qurulması işləri həyata keçirilir. Belə ki, 20 ildən artıq tikintisi yarımçıq qalmış Elmi-Tədqiqat Oftalmologiya institutunun hal-hazırda yüksək templə inşası aparılır. Milli Onkoloji Mərkəzinin yeni çox mərtəbəli korpusunun tikintisi də böyük sürətlə aparılır. Bundan əlavə Bakı şəhərində ən iri tibb müəssisəsi olan Klinik Tibbi Mərkəzdə (Semaşko adına 1 nömrəli klinik və Musa Nağıyev adına Təcili Təxirəsalınmaz Tibbi Yardım xəstəxanalarının bazasında yaradılmış) iri həcmli əsaslı təmir və yenidənqurma işləri aparılır. Bu işlər başa çatdıqdan sonra mərkəzdə əhaliyə müasir texnologiyalardan istifadə etməklə yüksək səviyyədə tibbi xidmət göstəriləcəkdir. 2007-ci ilin ikinci yarısında, ET Travmatologiya və Ortopediya İnstitutunun inzibati korpusunun, Sumqayıt şəhərində Təcili Tibbi Yardım Xəstəxanasının, Füzuli rayonunun Horadiz qəsəbəsində 100 çarpayılıq xəstəxananın və s. əsaslı təmirinə başlanacaq, Respublika Doğum Evinin təmirinə isə artıq başlanmışdır.
Astara və Qobustan rayonlarında ilk dəfə olaraq həkimlərin yaşaması üçün bütün şəraitin yaradılması ilə yeni tipli həkim ambulatoriyaları tikilmişdir ki, bu da kənd rayonları üçün çox vacibdir. Bakı şəhərinin qəsəbə və kəndlərinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair qəbul olunmuş Proqram əhalinin həyat və fəaliyyətinin bütün sahələrinə, ilk növbədə səhiyyənin inkişafına öz müsbət təsirini göstərir. Proqramda 25 tibb müəssisəsinin tikintisi, yenidənqurulması və təmiri nəzərdə tutulmuşdur və bu sahədə işlər artıq tam gücü ilə həyata keçirilir. Belə ki, Zabrat qəsəbəsi əhalisinin yeni tibb müəssisəsinə tələbatı və müraciəti nəzərə alınaraq müasir tipli müalicə-diaqnostika mərkəzinin təməlqoyma mərasimində və istifadəyə verilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsən iştirak etmişdir. Şüvəlan qəsəbəsində yerləşən 31 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının əsaslı təmiri də tamamlanmışdır.
Bakı şəhərinin qəsəbə və kəndlərinin sosial-iqtisadi inkişafı Proqramı çərçivəsində aparılan işlər bu il başa çatdırılacaqdır. Belə ki, Binə, Zirə, Badamdar, Nardaran, Bülbülə, Hocahəsən qəsəbələrində yeni müalicə-diaqnostika mərkəzlərinin tikintisinə başlanacaq və qısa müddətdə tikilərək istifadəyə veriləcəkdir. Qalan kənd və qəsəbələrdə isə (Buzovna, Keşlə, Maştağa, Ramana) hazırda fəaliyyət göstərən tibb müəssisələri əsaslı təmir olunacaqlar. Bundan əlavə Bakı şəhərində 4 uşaq poliklinikasında, Əmək və Müharibə Veteranları xəstəxanasında, Ruhi-Əsəb xəstəxanasında, İnnovasiya və Təchizat Mərkəzində, “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya” birliyində müasir səviyyədə təmir, yenidənqurma işləri başa çatdırılaraq istifadəyə verilmişdir. Hazırda Oğuz, Yevlax, Xanlar rayonlarında, Nardaran qəsəbəsində, 7 nömrəli Birləşmiş şəhər xəstəxanasında, 1 nömrəli Ruhi Xəstəxanasında təmir-tikinti işləri davam edir. «Ana və uşaqların sağlamlığının qorunması haqqında Tədbirlər Proqramı» çərçivəsində 7 perinatal mərkəzin yaradılması, onların müasir səviyyədə təmir və yenidənqurulması, eləcə də tibb avadanlığı ilə təchiz olunması nəzərdə tutulmuşdur. Neft Şirkətinin vəsaiti hesabına da müasir səviyyəli 10 regional müalicə-diaqnostika mərkəzinin tikintisi nəzərdə tutulmuşdur. Bu mərkəzlərdən 3-ü, o cümlədən Naxçıvan şəhərində, Siyəzən və Lənkəran rayonlarında artıq əhalinin istifadəsinə verilmişdir. Bütün bu görülmüş işlər nəticəsində hazırda respublikamızda açıq ürək və damar əməliyyatlarının, sümük toxumalarının transplantasiyasının və süni mayalanmanın aparılmasına və s. şərait yaranmışdır. Yol-nəqliyyat hadisələri zamanı xəsarət alanlara vaxtında həkim yardımı göstərib ixtisaslaşdırılmış xəstəxanalara çatdırılması və stasionar müəssisələrdə onların müvafiq tibbi yardımla təmin olunması məqsədilə Azərbaycan Respublikasının Prezidentinin şəxsi tapşırığı ilə Səhiyyə Nazirliyi tərəfindən 12 regional məntəqə yaradılmış və onlar ən müasir tibbi avadanlıq və reanimobillərlə təchiz olunmuşlar. Bakı şəhərinin təcili təxirəsalınmaz tibbi yardım stansiyasının işinin səmərəliliyinin artırılması məqsədilə Respublika hökuməti tərəfindən sanitar avtonəqliyyatının alınması üçün 12 milyon manat məbləğində vəsait ayrılmışdır. Azərbaycanda Səhiyyə sahəsində fəaliyyət göstərən Ümumdünya Səhiyyə Təşkilatının, BMT-nin Əhali Fondunun, UNİCEF-in, Dünya Bankının, USAİD-in və digər beynəlxalq qurumların yardımını xüsusilə qeyd etmək lazımdır.
Bu təşkilatlarla birgə Səhiyyə Nazirliyi tərəfindən 20-yə yaxın layihə (2005-ci ildə – 11) üzrə səhiyyənin müxtəlif sahələrini əhatə edən proqramlar çərçivəsində iş aparılır. Bu proqramlara ayrılan vəsait də müvafiq olaraq 3,5 milyondan, 5,5 milyon ABŞ dollarına qədər artmışdır.
Eyni zamanda dayandırılmış 3 layihənin fəaliyyəti bərpa olunmuşdur.
BMT-nin Qida Proqramı Fondu, Beynəlxalq Tibb Korpusu, Qırmızı Xaş Federasiyası və nüfuzlu qeyri-hökumət təşkilatları və fondları ilə birgə layihələr üzrə iş davam etdirilir. Bundan əlavə Dünya Bankı tərəfindən Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlara kömək məqsədilə ayrılmış kredit hesabına Şəki, Qax, Ağdaş, İsmayıllı və Abşeron rayonlarında ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi və tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması üzrə 50 milyon ABŞ dolları dəyərində pilot layihənin həyata keçirilməsinə başlanılmışdır.
Bu qlobal layihəyə hökumət əlavə olaraq 28,3 milyon dollar, layihəni maliyyələşdirən digər təşkilat ABŞ Beynəlxalq İnkişaf Agentliyi 8 milyon dollar, YUNİSEF 470 min dollar, Ümumdünya Səhiyyə Təşkilatı isə 35 min dollar ayıracaqdır. Bioloji təhlükənin azaldılması Proqramı çərçivəsində Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi ilə respublikanın taun əleyhinə xidmətinin gücləndirilməsi istiqamətində geniş tədbirlər həyata keçirilir. Son illərdə Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələr daha da möhkəmlənmişdir. Azərbaycan səhiyyəsində qısa müddət ərzində baş verən müsbət dəyişikliklər bu təşkilatda Azərbaycanın nüfuzunu xeyli artırmışdır. Bunun nəticəsidir ki, Azərbaycan Respublikasının Səhiyyə Naziri ÜST-ün İcraiyyə Komitəsinə üzv və 2006-cı ildən isə Vitse Prezident seçilmişdir.
Bir çox ölkələrin, o cümlədən Çin, Yaponiya, Meksika, İslandiya, Türkiyə, İspaniyanın və digər ölkələrin səhiyyə nazirliklərinin rəsmiləri ilə görüşlər keçirilmiş və səhiyyənin müxtəlif sahələri üzrə əməkdaşlıq barədə danışıqlar aparılmışdır. Keçən müddət ərzində Səhiyyə Nazirliyi tərəfindən bir sıra Beynəlxalq elmi konfranslar, konqreslər, qurultaylar, o cümlədən may ayında 17 ölkədən 58 nümayəndənin iştirakı ilə IX Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqların Konqresi, sentyabr ayında 16 ölkədən 1000 nümayəndənin iştirakı ilə MDB ölkələrinin onkoloq və radioloqların IV Qurultayı, oktyabr ayında 6 ölkədən 30 yaxın nümayəndənin iştirakı ilə IV Beynəlxalq Avrasiya Pediatrlarının Konqresi yüksək səviyyədə təşkil olunaraq keçirilmişdir. Bundan əlavə 6 ölkənin nümayəndələrinin iştirakı ilə Talassemiyanın Aktual Problemlərinə həsr olunmuş konfrans və s. tədbirlər keçirilmişdir. Səhiyyə Nazirliyi tərəfindən bir sıra görkəmli tibb alimlərinin yubileyləri ilə əlaqədar, o cümlədən görkəmli dövlət və elm xadimi Ə.Əliyevin 110-illik, professor Kamil Balakişiyevin 100-illik, professor İosif Felin 100-illik, professor Tamerlan Əliyevin 85-illik, professor Əbuzər Səmədovun 85-illik, professor Naziyə Şəmsaddinskayanın 80-illik yubileylərinə həsr olunmuş, eləcə də Ə.Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 70 illiyi ilə əlaqədar elmi praktiki konfranslar keçirilmişdir.