5 MARCH 2022
Ümumdünya Piylənmə ilə Mübarizə Gününə həsr olunmuş Beynəlxalq Elmi Konfrans keçirildi
Bakıda 5 mart 2022-ci il tarixdə Ümumdünya Piylənmə ilə Mübarizə Gününə həsr olunmuş Beynəlxalq Elmi Konfrans keçirildi. Konfrans Səhiyyə Nazirliyinin dəstəyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Nutrisiologiya, diyetologiya və piylənmənin profilaktikası Akademiyası (ANDOP) və Bariatrik Metabolik Cərrahlar Assosiasiyasının birgə əməkdaşlığı ilə baş tutdu.
Konfransı giriş sözü ilə açan ANDOP-un nümayəndəsi Emil Hidayətli piylənmənin hazırda dünyada geniş yayıldığını və inkişaf etmiş ölkələrin əksəriyyətində yetişkin insanların 15-25 faizinin piylənmədən əziyyət çəkdiyini bildirdi.
İSİM-in direktoru Qəhrəman Haqverdiyev geniş təqdimatla çıxış edərək, son dövrlər uşaq və yeniyetmələr arasında da piylənmədə artım müşahidə olunduğunu nəzərə çatdırdı: “Məktəblilərin sağlamlığının qorunması ölkəmizdə səhiyyə sisteminin prioritet vəzifələrindən biridir və gənc nəslin sağlam həyat tərzi vərdişlərinə yiyələnməsi üçün səhiyyə işçiləri tərəfindən əhali arasında geniş maarifləndirmə aparılır, düzgün və balanslı qidalanma ilə bağlı tövsiyələr verilir”.
ANDOP-un təsisçisi Sevinc Zaman, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin koordinatoru Əsmər Kərimli, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Tural Qulu və Elturan İsmayılov, həkim Tariyel Ömərov və digər təmsilçilərin çıxışlarında vurğulandı ki, piylənmə artıq qlobal səviyyədə epidemiyaya çevrilib və təhlükəli faktlar dünyanın elm və səhiyyə ictimaiyyətini bu problemi həll etmək üçün birləşməyə vadar edir.
Qeyd edək ki, bu istiqamətdə ölkəmizdə artıq ənənəvi olaraq keçirilən elmi konfrans çərçivəsində qlobal piylənmə probleminin müxtəlif aspektlərinə toxunuldu, piylənmənin profilaktikası, bariatrik və metabolik cərrahiyyə, uşaqlarda piylənmə, piylənmənin farmakoterapiyası, pasiyentlərin uzunmüddətli nəzarəti, piylənmə ilə mübarizə üzrə xüsusiləşdirilmiş mərkəzlərin yaradılması və s. məsələlərdən danışıldı.
Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditə olunmuşdu və həmçinin, Beynəlxalq Bariatrik Cərrahlar və Metabolik Xəstəliklər Federasiyası (IFSO) tərəfindən təsdiq edilmişdi.
Şəkillərlə burada tanış olmaq olar.