Səhiyyə Nazirliyinin mütəxəssisləri Ümumdünya Piylənmə ilə Mübarizə Gününə həsr olunmuş Beynəlxalq Elmi-Praktik Konfransda çıxış etdilər | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

5 MARCH 2021

Səhiyyə Nazirliyinin mütəxəssisləri Ümumdünya Piylənmə ilə Mübarizə Gününə həsr olunmuş Beynəlxalq Elmi-Praktik Konfransda çıxış etdilər

Beynəlxalq Elmi-Praktik Konfransın məqsədi xüsusilə COVID-19-un cəmiyyətimizə təsir etdiyi bir zamanda piylənmə ilə mübarizə aparmaq üçün əhali arasında maarifləndirmə işlərini artırmaq, bu sahədə bilik və təcrübəni paylaşmaq və mübarizə sistemlərini gücləndirməkdir.

COVID-19 pandemiyası dövrü artıq çəki və piylənmədən əziyyət çəkən insanlar üçün nəinki çətin keçdi, həmçinin bu problemin həmişəkindən daha çox diqqət və anlayış tələb etdiyini bütün dünyaya göstərdi. Piylənmə ilə COVID-19 arasındakı mürəkkəb və təhlükəli qarşılıqlı əlaqə piylənmənin profilaktikası və müalicəsinə ehtiyac olduğunu və hər kəsin –səhiyyə işçilərinin, piylənmədən əziyyət çəkən insanlarıngeniş ictimaiyyətin bu işdə böyük rolunu bir daha xatırlatdı.

Bu səbəbdən, Nutrisiologiya, Diyetologiya və Piylənmənin Profilaktikası Akademiyası (ANDOP) 2021-ci il Dünya Piylənmə ilə Mübarizə gününü ölkəmizdə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, WOF (World Obesity Federation), Türkiyə Obezite Araşdırma Dərnəyi (TOAD) və EASO-OMFT (Obesity Management Task Force) təşkilatının piylənmə ilə mübarizə üzrə işçi qrupunun dəstəyi ilə həyata keçirir.

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev konfransda çıxış edərək bildirdi ki, qeyri-infeksion xəstəliklərin risk faktorlarından olan piylənmənin profilaktikası müasir dövrdə aktualdır və piylənməyə qarşı mübarizə hazırda səhiyyə sisteminin diqqət yetirdiyi əsas məsələlərdən biridir.

4-7 mart 2021-ci il tarixdə, saat 16.00-20.00-da keçirilən konfransda Türkiyə, Böyük Britaniya, Fransa, İtaliya, Azərbaycan və müxtəlif ölkələrin bu sahə üzrə mütəxəssis həkimlərinin məruzələri olacaq. Müxtəlif ixtisaslı həkim və mütəxəssisləri, artıq çəkidən əziyyət çəkən insanları və təşkilatları bir araya gətirən beynəlxalq konfransın fəal iştirakçılarına sertifikat veriləcək. 

Qeyd edək ki, bu, davamlı tibbi təhsil üzrə Səhiyyə Nazirliyi tərəfindən akkreditə edilmiş tədbirdir.

Konfransda iştirak etmək üçün qeydiyyat: https://worldobesity.andop.az/