19 FEBRUARY 2020
Bakı və Sumqayıt şəhəri üzrə internat məktəblərində maarifləndirici tədbirlər keçirildi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Təhsil Nazirliyi ilə birgə əməkdaşlıqla 4-19 fevral 2020-ci il tarixdə Bakı şəhəri üzrə 1, 2, 3, 4, 6, 8, 9, 10, 11, 12 saylı internat məktəbləri və Sumqayıt şəhərində inteqrasiya təlimli internat tipli gimnaziyalarda sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirici tədbirlər keçirdi.
Tədbirləri giriş sözü ilə açan İSİM-in Monitorinq və təhlil şöbəsinin müdir müavini İnara Makayeva şagirdləri sağlam həyat tərzi keçirməyə, zərərli vərdişlərdən uzaq olmağa çağırdı. O bildirdi ki, hər kəs ictimai səhiyyə mütəxəssisləri tərəfindən səsləndirilən tövsiyələrə riayət edərək sağlamlığını qoruya və gələcəkdə infarkt, insult, şəkərli diabet, yüksək qan təzyiqi, xərçəng kimi xəstəliklərə tutulma ehtimallarının qarşısını ala bilər. İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova, Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin meneceri Günay Quluzadə təqdimatlarla çıxış edərək, tütünçəkmə, narkotik maddələrdən istifadə kimi zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirləri, gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadları iştirakçıların nəzərinə çatdırdılar. İSİM-in mütəxəssisləri – Tacirə Mahmudova, Elnarə Nuriyeva, Ləman Vəliyeva iştrakçıları erkən yaşlardan başlayaraq, orqanizmin sağlamlığının qeydinə qalmağa, gün ərzində fiziki aktiv olmağa, yol təhlükəsizliyi qaydalarına riayət etməyə çağırdılar. İSİM-in Tibbi keyfiyyət standartları şöbəsinin müdir müavini Şamil Kalyayev və Monitorinq və təhlil şöbəsinin həkim-metodisti Zümrüd Kazımova ayrılıqda oğlanlar və qızlar üçün maarifləndici mühazirə oxuyaraq, onlara reproduktiv sağlamlığı qorumaqla gələcəkdə sağlam ailəyə sahib olma imkanlarını, düzgün gigiyena qaydalarını izah etdilər.
Tədbirlər sağlamlıq imkanları məhdud olan uşaqlar arasında da keçirildi. Belə ki, eşitmə qabiliyyəti olmayan uşaqlara işarə dili tərcüməçisi vasitəsiylə, gözdən əlil və zəif görən uşaqlar üçün isə əl ilə hiss edilə bilən şəkillər üzərindən təlimlər aparıldı.
Tədbirlərin yekununda auditoriyanı maraqlandıran suallar cavablandırıldı və iştirakçılara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı.
Şəkillərlə burada tanış olmaq olar.