12 DECEMBER 2019
“Uşaqlarda boy problemləri” mövzusunda konfrans keçirildi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən, sağlamlıq imkanları məhdud olan uşaqların erkən aşkarlanması sahəsində profilaktik tədbirlərin görülməsi məqsədi ilə 12 dekabr 2019-cu il tarixdə “Uşaqlarda boy problemləri” mövzusunda konfrans təşkil olundu. Konfrans Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı, “Novo Nordisk” şirkətinin dəstəyi ilə keçirildi.
İSİM-in Tibbi keyfiyyət standartları şöbəsinin müdiri Şəhla İsmayılova giriş sözü ilə çıxış edərək bildirdi ki, Gəncə, Quba, Şəki, Lənkəran və ölkəmizin digər şəhərlərində bu mövzuda ilboyu seminarlar artıq keçirilib və yekun konfrans Bakıda təşkil olunub: “Bu tədbirlərin təşkilində əsas məqsəd – boy qısalığı olan uşaqların erkən aşkarlanması və sübutlara əsaslanan tibbi müalicənin aparılması ilə fiziki inkişafdan geri qalmanın və əlilliyin qarşısının alınmasıdır”. Respublika Endokrinologiya Mərkəzinin direktor müavini Babək Salek Qənnadi uşaqlarda yaranan boy qısalığı problemlərinin ciddi məsələ olduğunu vurğulayaraq, bu məsələdə həkimləri, valideynləri məsuliyyətli olmağa və gənc nəslin sağlam inkişafına həssaslıqla yanaşmağa çağırdı. Pediatr-endokrinoloqlar – Gündüz Əhmədov, Azad Əkbərzadə, İlsur Novruzov, Nabat Ağayeva və digər mütəxəssislər çıxış edərək, boy patologiyalarının etiologiyası, patogenezi və təsnifatı, boy geriliklərinin diaqnostikası, boy geriliyinin müalicəsi ilə bağlı ətraflı məlumat verdilər.
Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya olunan konfrans fəal müzakirə və səmərəli fikir mübadiləsi şəraitində keçdi, yekunda iştirakçılara sertifikatlar təqdim edildi.
Şəkillərlə burada tanış olmaq olar.