İSİM-də “Sülh aylığı” çərçivəsində sülhün və insan hüquqlarının təbliğinə həsr olunmuş tədbir keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

11 SEPTEMBER 2019

İSİM-də “Sülh aylığı” çərçivəsində sülhün və insan hüquqlarının təbliğinə həsr olunmuş tədbir keçirildi

11 sentyabr 2019-cu il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) sülhün və insan hüquqlarının təbliğinə həsr olunmuş tədbir keçirildi. Səhiyyə işçilərinin iştirakı ilə keçən tədbir hər il respublikamızda Beynəlxalq Sülh Günü ərəfəsində insan hüquqları üzrə müvəkkilin təşəbbüsü ilə elan edilən 21 avqust – 21 sentyabr “Sülh aylığı” çərçivəsində təşkil olunmuşdu.

İSİM-in direktor müavini Əliheydər Şahmarov “Sülh aylığı” çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayaraq bildirdi ki, 1981-ci ildən etibarən hər il qeyd olunan 21 sentyabr – Beynəlxalq Sülh Gününün məqsədi heç olmasa bir gün Yer üzündə ümumi atəşkəs elan edilməsinə, dünyada silahların susmasına nail olmaqdır: “Sülh – mədəniyyətdir, əxlaqdır, həyat tərzidir. “Sülh aylığı” əhalinin müxtəlif qrupları arasında sülh və dözümlülük mədəniyyətinin, hüquq düşüncəsinin inkişafına, təbliğinə xidmət edir”. İSİM-in Kadrlar şöbəsinin müdiri Aris Rüstəmov Azərbaycan xalqının sülsevər bir xalq olduğunu diqqətə çatdırdı: “Təəssüf ki, dünyanın ən tolerant ölkəsinin vətəndaşları Ermənistan tərəfindən 1988-ci ildən başlayan və hələ də davam edən işğalçılıq siayasəti nəticəsində öz yurdlarına, doğma ocaqlarına həsrət qalıblar. Ermənistan hələ də BMT təhlükəsizlik şurasının münaqişənin tezliklə həlli, işğal edilmiş ərazilərin azad olunması haqqında qətnamələrinə əməl etmir və atəşkəsin tez-tez pozulması hallarına rast gəlinir”. İSİM-in Baş hüquqşünası Fidan Rüstəmova “Azərbaycan Respublikası vətəndaşlarının sağlamlıq hüquqları” mövzusunda geniş məruzə ilə çıxış edərək, həkim deontologiyası və etik davranışlar, həmçinin səhiyyə sahəsində qanun tərəfindən tənzimlənmiş inzibati xətalarla bağlı ətraflı məlumat verdi. İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva cəmiyyətdə zorakılıq hallarının azalmasında ictimai səhiyyənin və mətbuatın rolundan söz açaraq bildirdi ki, Sülh Günü nəinki xalqlar arasında, həmçinin ailələrdə, cəmiyyətdə münasibətlərin sağlamlaşmasına, zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir fürsətdir. İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin psixoloqu Aysel Musayeva sülhün və sabitliyin insan psixologiyasına təsiri barədə geniş təqdimatla çıxış edərək vurğuladı ki, inkişafın təməli olan sülh və sabitlik hər ölkədə onun tarixindən, mədəniyyətindən və ənənələrindən asılı olaraq özünəməxsus şəkildə inkişaf etdirilir.

Tədbirin yekununda mövzu ilə bağlı geniş fikir mübadiləsi aparıldı, cəmiyyətdə zorakılıq hallarının azalmasında ictimai səhiyyənin rolunun artırılmasına dair  təkliflər dinlənildi.

Şəkillərlə burada tanış olmaq olar.