22 AUGUST 2019
Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikasının Gənclər Fondu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Səhiyyə Nazirliyinin B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdində Mərkəzi Qan Bankı və “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 21-25 avqust 2019-cu il tarixdə gənclər üçün XIX Beynəlxalq Gənclər Forumu keçirilir. Forumun əsas məqsədi Azərbaycanda könüllü, təmənnasız qan donorluğunun inkişafına dəstək vermək, gəncləri bu humanist, xeyirxah işə həvəsləndirməkdir.
Forumda 30-dan çox ölkədən (Danimarka, İtaliya, Portuqaliya, Litva, Latviya, Estoniya, Hollandiya, Norveç, İsveç, İslandiya, Almaniya, Mərakeş, Livan, Misir, Türkiyə və s.) nümayəndələr, o cümlədən Beynəlxalq Qan Donorları Cəmiyyətləri Federasiyasının (FİODS), Beynəlxalq Gənclər Komitəsinin (İYC) rəhbər şəxsləri iştirak edirlər.
Avqustun 22-də Bakı Konqres Mərkəzində Forumun açılışı oldu.
Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Elsevər Ağayev giriş sözü ilə çıxış edərək bildirdi ki, cəmiyyətdə, xüsusən gənclər arasında könüllü, təmənnasız qan donorluğunu təbliğ və təşviq etmək olduqca nəcib, humanist bir addımdır: “Hazırkı dövrə qədər Azərbaycan Respublikasında donor qanının və onun komponentlərinin təmin edilməsi üzrə milli siyasətin əsas prinsipləri formalaşdırılıb. Bura donorluğun dəstəklənməsi, qan komponentlərinin hazırlanması və köçürülməsi barədə qanunvericilik bazası, onların təhlükəsiz istifadəsinin təminatına dair hüquqi normativ sənədlərin işlənib hazırlanması, keçici infeksiyalar ilə yoluxma riski aşağı olan əhali qrupları əsasında donor kadrları bazasının yaradılması, müasir analiz metodlarından istifadə etməklə qanın tərkibində olan və qan vasitəsilə keçən infeksiya daşıyıcılarının marker əsasında müayinə edilməsi kimi məsələlər daxildir”.
Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, BMT-nin Azərbaycan nümayəndəliyinin rezident əlaqələndiricisi Qulam İsakzai, Beynəlxalq Qan Donorları Cəmiyyətləri Federasiyasının icraçı direktoru Sayah Abdelmalik və Beynəlxalq Gənclər Komitəsinin sədri Abdo Saad iştirakçılara uğurlar arzulayaraq, Bakı Forumunun dünyada könüllü qan donorluğunun inkişafına öz töhfəsini verəcəyinə əminliklərini vurğuladılar.
Səhiyyə Nazirliyinin Baş hematoloqu Çingiz Əsədov “Qan donorluğunun inkişafı sahəsində Azərbaycan təcrübəsi”, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Səbinə Babazadə “Qan donorluğu ictimai səhiyyənin əsas istiqaməti kimi”, “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin sədri Fuad Əsgərov “Qan donorluğunun inkişafında könüllülüyün rolu” mövzusunda geniş təqdimatla çıxış etdilər. Çıxışlarda bildirildi ki, ölkəmizdə son illər qan xidməti və donorluq sahəsində mühüm addımlar atılıb, qan xidməti müəssisələrinin şəbəkəsi optimallaşdırılıb və fəaliyyəti təkmilləşdirilib, qan xidməti müəssisələri ən müasir avadanlıqlarla təmin edilib, əhali, xüsusən gənclər arasında donorluğun təbliği sahəsində müasir üsüllardan istifadə edilməklə müxtəlif tədbirlər həyata keçirilib.
Yekunda Forumda iştirak edən ölkə nümayəndələrinin təqdimatları oldu və könüllü donorluğun inlişafına töhfə verənlərə Təşəkkürnamələr təqdim edildi.
Şəkillərlə burada tanış olmaq olar.