Azərbaycan Tütünlə Mübarizə Koalisiyasının III görüşü | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

31 MARCH 2010

Azərbaycan Tütünlə Mübarizə Koalisiyasının III görüşü

2010-cu il mart ayının 31-də İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Azərbaycan Tütünlə Mübarizə Koalisiyasının III görüşü keçirildi.

İSİM, Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası və ABŞ-ın Cons Hopkins Universitetinin Blumberq İctimai Səhiyyə Məktəbinin Kommunikasiya Proqramları Mərkəzi tərəfindən həyata keçirilən “Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiyanın Hazırlanması” layihəsinin əsas məhsulu olacaq Azərbaycan Respublikasının 2011-2015 illər üçün Tütünlə Mübarizə üzrə Milli Strategiyası koalisiyanın üzvlərinə təqdim edildi və müzakirə olundu.

Səhiyyə Nazirliyinin Sağlam Həyat Tərzi layihəsi üzrə milli koordinatoru Azad Hacıyev strategiyanın strukturu haqqında ətraflı məlumat verdi. Strategiyanın giriş, tütün məhsullarına olan tələbatın azaldılmasına yönəlmiş tədbirlər, tütün təchizatının və tütün məhsullarının istifadəsinin azaldılmasına istiqamətlənmiş tədbirlər, tütün istifadəsi və strategiyanın effektivliyinin monitorinqi və qiymətləndirilməsi kimi bölmələrdən ibarət olduğunu qeyd edən milli koordinator bu strategiyanın həyata keçirilməsində müxtəlif orqanların iştirakının və onlar arasında koordinasiyanın vacibliyini vurğuladı.

Daha sonra tütünlə mübarizə haqqında məlumatların Azərbaycan dilində əldə edilə biləcəyi www.tobaccocontrol.az internet səhifəsinin rəsmi variantı iştirakçılara təqdim olundu. Tütünlə mübarizə sahəsində tədqiqatların demək olar yox səviyyəsində olduğunu qeyd edən Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının rəhbəri Nurlan Əliyev müxtəlif təşkilatların bu sahədə keçirdikləri kiçik sorğu və araşdırmaların bu saytda yerləşdirilə biləcəyini qeyd etdi.

Müzakirələr zamanı iştirakçılar strategiya haqqında rəy və təkliflərini bildirdilər.

Sonda 31 may tütünlə mübarizə günü ilə əlaqədar bir sıra tədbirlər keçiriləcəyi və növbəti görüşdə bu tədbirlər barədə rəy və təkliflərin müzakirə olunacağı qeyd edildi.