Quba məktəbliləri tütün tüstüsünün ziyanlı təsiri barədə məlumatlandırıldı | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

24 MAY 2018

Quba məktəbliləri tütün tüstüsünün ziyanlı təsiri barədə məlumatlandırıldı

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) "31 may – Ümumdünya Tütünsüz Günü" ərəfəsində tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin məlumatlandırılması məqsədilə silsilə tədbirlər keçirir.  

Növbəti belə tədbir 24 may 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə Quba şəhər 2 nömrəli tam orta məktəbdə təşkil edildi.

Quba şəhəri 1, 2, 3, 4, 5 nömrəli tam orta məktəblərinin və Texniki təmayüllü liseyin rəhbərliyinin, müəllim və şagid kollektivinin qatıldığı tədbiri  Quba Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Aynur Yəhyəyeva açaraq zərərli vərdişlərdən uzaqlaşmaqla bağlı təbliğat-təşviqat işinin genişləndirilməsinin zəruriliyini vurğuladı.

Bilik Fondunun Quba rayon üzrə nümayəndəsi Sara Məmmədova təmsil etdiyi qurumla İSİM arasında imzalanan əməkdaşlıq sazişini xatırladaraq, yeniyetmələrə  sağlam həyat tərzinin aşılanması məqsədilə birgə keçirilən tədbirlər barədə məlumat verdi.

İSİM-in həkim-metodisti Lətafət Dadaşova ətraf mühitdəki tütün tüstüsünün gənclərin sağlamlıqlarına təsiri, tütün asılılığı və tütün istifadəsi nəticəsində yaranan xəstəliklər barədədə auditoriyanı məlumatlandırdı. Gənclərə sağlamlıqlarına daha məsuliyyətlə yanaşmağı tövsiyə edən natiq onları zərərli vərdişlərdən uzaq olmağa səslədi. L.Dadaşova qeyd etdi ki, tütündən istifadə nəinki insanın öz sağlamlığı, həmçinin ətrafdakıların səhhəti üçün ciddi təhlükə mənbəyidir. İSİM-in mütəxəssisi bu baxımdan ölkəmizdə tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında qəbul olunan qanunun əhalinin sağlamlığının qorunması sahəsində və ikincili tütünçəkmənin artan təhlükələrinə qarşı daha məqsədyönlü mübarizə aparılmasına şərait yaratdığını vurğuladı.

Tədbirin yekununda auditoriyanı maraqlandıran suallar cavablandırıldı və onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar təqdim olundu.