23 MAY 2018
İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
23 may 2018-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Klinik Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans keçirildi.
Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji nəzarəti sektorunun aparıcı məsləhətçisi Nəzifə Mürsəlova açdı. O, ölkəmizdə Davamlı Tibbi Təhsilin inkişafına böyük dəstək göstərən və Azərbaycan dilində nəşr olunan ilk beynəlxalq on-layn resurs olan Britaniya Tibb Jurnalının (BMJ) “Klinik Qərara Dəstək (KQD) Təlim Təşəbbüsü” layihəsi haqqında geniş məlumat verdi. N. Mürsəlova Azərbaycanda KQD təşəbbüsünün Səhiyyə Nazirliyi tərəfindən dəstəkləndiyini vurğuladı: “Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası, BMJ ilə Anlaşma Memorandumu imzalamış və həkimlərin Davamlı Tibbi Təhsil (DTT) və Davamli Peşəkar İnkişafını (DPİ) dəstəkləmək məqsədilə 2017-ci ilin noyabr ayında müvafiq on-layn resursları akkreditasiya etmişdir”.
BMJ-nin regional inkişaf üzrə meneceri xanım Eliza Roma jurnalın 170 ildir fəaliyyət göstərdiyini nəzərə çatdırdı. O qeyd etdi ki, BMJ-nin KQD təlim təşəbbüsü Azərbaycanda klinik qərarların verilməsinə dəstək olmaq və səhiyyə xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə həyata keçirilən üçillik (2016-2019) layihədir. Ekspert onu da vurğuladı ki, bu layihə çərçivəsində təklif edilən "BMJ Best Practice" və "BMJ Learning" resursları tibb müəssisələrində sübutlara əsaslanan və daim yenilənən məlumat bazasından istifadə etmək imkanı yaradır: “Bu resurslar həkimləri infeksion və qeyri-infeksion xəstəliklərin diaqnostikası və idarəolunmasına dair yeni biliklər və məlumat bazası ilə təmin edir”.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsinin aparıcı məsləhətçisi Təranə Əhmədova təqdimatla çıxış edərək, Azərbaycanda Davamlı Tibbi Təhsil (DTT) və BMJ-nin DTT-də rolu haqqında danışdı. O, Azərbaycanda davamlı tibbi təhsil sahəsində görülən işlər, əldə olunan nailiyyətlər, həkimlər üçün yaradılan imkanlar barədə tədbir iştirakçılarını məlumatlandırdı.
BMJ-nin ölkə üzrə nümayəndəsi Aytən Ağamalıyeva Azərbaycanda BMJ-nin on-layn resurslarından istifadə və “Klinik Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsi üzrə əldə edilən nailiyyətlərdən söz açdı. O, ölkə üzrə bu təşəbbüsə 2010 həkimin qoşulduğunu, “BMJ Best Practice" və "BMJ Learning" resursları üzrə 454 mövzunun Azərbaycan dilinə tərcümə edildiyini, materialların həmçinin rus və ingilis dillərində də təqdim olunduğunu vurğuladı. A. Ağamalıyeva onu da qeyd etdi ki, 2018-ci ilin sentyabr ayında BMJ tərəfindən Melburnda keçirilməsi nəzərdə tutulan Səhiyyə Sahəsində Keyfiyyət və Təhlükəsizlik üzrə Beynəlxalq Forumuna 85 ölkədən 10 minə yaxın nümayəndənin qatılacağı gözlənilir. Azərbaycandan foruma keyfiyyətin yaxşılaşdırılması üzrə 2 tədqiqat layihəsinin abstrakt şəkildə təqdim olunduğunu vurğulayan A. Ağamalıyeva Azərbaycana dair statistik nəticələri sadalayaraq, ən çox baxılan 10 mövzu, resurlardan ən fəal istifadə edən 10 tibb müəssisəsini nəzərə çatdırdı. İstifadəçilərin qeydiyyatdan keçərək klinik resurslardan faydalandığı cds.bmj.com veb ünvanı və bölmələri haqqında məlumat verən natiq, yalnız istifadəçilər deyil, ümumiyyətlə, Azərbaycanın həkimlərinin klinik resurslardan məlumatlı olmaları üçün Səhiyyə Nazirliyinin rəsmi səhifəsində Elmi-tibbi kitabxana bölməsinin yaradıldığını və həmin bölməyə 15 “BMJ Best Practice" mövzusunun yerləşdirildiyini vurğuladı.
Elmi-Tədqiqat Ağ ciyər Xəstəlikləri İnstitutunun direktor müavini İradə Axundova, 7 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının baş həkimi Mehriban İsayeva səhiyyə müəssisələri üzrə BMJ nümayəndələri və aktiv istifadəçilərin BMJ-dən istifadə təcrübələrini bölüşdülər.
Mütəxəssislərə sübutlara əsaslanmış məlumatlar əsasında araşdırmalar aparmaqda kömək edən bu layihənin Azərbaycanda ilk on-layn resurs olduğunu vurğulayan nümayəndələr proqramın səhiyyə təşkilatları və tibb işçilərinə gündəmdə olan ən mühüm səhiyyə problemlərinin həllində yardımını vurğuladılar.
Konfransın yekununda BMJ və Səhiyyə Nazirliyinin nümayəndələri tərəfindən Səhiyyə müəssisələri üzrə BMJ nümayəndələrinə və aktiv istifadəçilərə sertifikatlar təqdim olundu.