10 MAY 2018
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü İSİM-də qeyd olundu
10 may 2018-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbir keçirildi.
Tədbiri mərkəzin direktoru Ceyhun Məmmədov açaraq, görkəmli dövlət və siyasət xadimi Heydər Əliyevin zəngin həyat yolu, çoxşaxəli fəaliyyəti barədə məlumat verdi. Ulu öndərin Azərbaycan tarixində misilsiz rol oynadığını vurğulayan C.Məmmədov bildirdi ki, müstəqilliyimizin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin bərpası, müxtəlif sahələrin, o cümlədən səhiyyəmizin inkişaf tarixi məhz Heydər Əliyevin adı ilə bağlıdır: “Biz bu gün Ulu öndərin 95 illiyini qeyd edirik, biz Azərbaycan Demokratik Respublikasının 100 illiyi ərəfəsindəyik, biz Azərbaycan səhiyyəsinin 100 illik yubileyinə hazırlaşırıq – bu böyük tarixlərin hamısı bir-biri ilə bağlıdır və biz bu böyük tarixlərin ən parlaq səhifələrində Heydər Əliyevin imzasını görürük”.
İSİM-in Səhiyyə komunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Laura Quliyeva Ulu öndərin Azərbaycan səhiyyəsinə və tibb elminə qayğısından, əhalinin sağlamlığının qorunması istiqamətində gördüyü işlərdən, onun hakimiyyəti dövründə səhiyyənin inkişafı ilə bağlı həyata keçirilən islahatlardan, qəbul olunan qanunlardan danışdı. O, Heydər Əliyevin prezidentliyi dövründə səhiyyəmizin maddi-texniki bazasının gücləndirildiyini, tibb müəssisələrinin yeni avadanlıq və cihazlarla təchiz edildiyini vurğuladı: “Azərbaycan Tibb Universitetinin yeni korpusunun istifadəyə verilməsi və müasir dünya standartlarına cavab verən Mərkəzi Klinik Xəstəxananın açılışı ümummilli liderin Azərbaycan xalqının sağlamlığına göstərdiyi qayğının ən parlaq təcəssümü oldu”.
İSİM-in Əhalinin sağlamlığı şöbəsinin meneceri Aysel Paşşanova Heydər Əliyevin zəngin həyat yolu, İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin meneceri Fərid İsrafilzadə isə Ulu öndərin siyası fəaliyyəti barədə geniş məlumat verdi.
Yeni Azərbaycan Partiyası İSİM təşkilatının sədri Yeganə Vəliyeva çıxış edərək, Umummilli liderin Yeni Azərbaycan Partiyasının qurucusu və müstəqil Azərbaycanın memarı olduğunu vurğuladı.
Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət və siyasət xadimi Heydər Əliyevin əziz xatirəsinin hörmət və ehtiramla anıldığı tədbir Ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatdı.