Maliyyə-İqtisad Kollecinin oğlan tələbələri üçün reproduktiv sağlamlıq mövzusunda mühazirə təşkil edildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

3 MAY 2018

Maliyyə-İqtisad Kollecinin oğlan tələbələri üçün reproduktiv sağlamlıq mövzusunda mühazirə təşkil edildi

3 may 2018-ci il tarixdə Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində oğlan tələbələri üçün “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması: mövcud problemlər və onların həlli” mövzusunda tədbir təşkil olundu.

Tədbir Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) dəstəyi ilə keçirildi.

Maliyyə-İqtisad Kollecinin təlim-tərbiyə işləri üzrə direktor müavini Murad Muradov tədbiri giriş sözü ilə açaraq bildirdi ki, tibbi maarifləndirmə işinin aparılması əhalinin, xüsusilə də gənc nəslin sağlamlığının qorunmasında böyük rol oynayır.

Daha sonra mühazirədə geniş təqdimatla çıxış edən İSİM-in həkim-metodisti Teymur Hüseynov gənclərin reproduktiv sağlamlığının qorunmasına nəzarət olunması, reproduktiv sistemi xəstəliklərinin müayinə və müalicəsi haqqında geniş məlumat verdi.

Sağlamlığa təsir edən risk faktorları olan tütün, spirtli içikilər, narkotik maddələrdən istifadə, qeyri-sağlam qidalanma, fiziki aktivliyin çatışmazlığı, HİV infeksiyasına səbəb olan cinsi munasibətlərdən bəhs edən natiq gəncləri diqqətli olmağa çağırdı.

O qeyd etdi ki, riskli cinsi davranışla bağlı hallar yeniyetmələrin və cavanların həyatına mənfi təsir göstərir, həmçinin cinsi yolla yoluxan infeksiyalar reproduktiv orqanları ciddi zədələyir, sonsuzluğa və bəzən əlilliyə səbəb olur.

Tədbirin sonunda tələbələrə reproduktiv sağlamlıq və ailə planlaşdırılması mövzusunda İSİM tərəfindən hazırlanan maarifləndirici materiallar paylanıldı və mövzu üzrə suallar cavablanıldı.