26 APRIL 2018
Varşavada "İctimai səhiyyə institutlarının birgə əməkdaşlıq çərçivəsində inkişafı" üzrə ekspert görüşü keçirildi
2017-ci ilin yanvar ayında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunda toplaşan bir qrup mütəxəssislərdən ibarət ekspertlər komandası Avropa regionunda ictimai səhiyyə sahəsində çalışan qurum və təşkilatların potensialının gücləndirilməsi üçün koalisiyanın yaradılması təşəbbüsü ilə çıxış etmişdi. Bu tarixdən başlayaraq, ÜST-nin Avropa Regional Bürosunun Milli İctimai Səhiyyə İnstitutlarının Beynəlxalq Assosiasiyası (IANPHI) ilə əldə edilən müsbət təcrübəsi əsasında mütəmadi görüşlər təşkil olunur. Növbəti ekspert görüşü və texniki seminar 2018-ci ilin 24-25 aprel tarixlərində Polşanın Varşava şəhərində keçirildi. Görüş ÜST-nin Avropa Regional Bürosunun ictimai səhiyyə xidmətlərinin və potensialının gücləndirilməsi üzrə tərəfdaşlar koalisiyası çərçivəsində, Avropa Regional Bürosu və IANPHI-nin birgə təşkilatçılığı ilə baş tutdu. IANPHI-nin direktorlar şurasının illik iclası ilə paralel keçirilən görüşün mövzusu ictimai səhiyyə institutlarının birgə əməkdaşlıq çərçivəsində inkişafı idi.
ÜST-nin Avropa Regionu ölkələri - Azərbaycan, Belçika, Fransa, Qazaxıstan, Qırğızıstan, Moldova, Hollandiya, Norveç, İsveç və Ukraynadan olan ictimai səhiyyə sahəsində rəhbər vəzifələr tutan şəxslər üçün təşkil olunan görüşdə ölkəmizi Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov təmsil etdi. Ekspert görüşünün əsas məqsədi ÜST-nin Avropa regionu üzrə milli səviyyədə mövcud ictimai səhiyyə institutlarının uğurlu praktik addımlarını, proses və strategiyalarını müəyyən etmək, onlar arasında əməkdaşlıq koalisiyası yaratmaqla regionda ictimai səhiyyənin inkişafına töhfə vermək idi. Həmçinin iştirakçı ölkələrin institusional islahatların inkişaf etdirilməsinə cavabdeh şəxslərinə ÜST-IANPHI ekspertləri və ictimai səhiyyə sahəsində əməkdaşlıq koalisiyasının yaradılmasında təcrübəli olan Belçika, Fransa və İsveçdən olan nümayəndələrlə təcrübə mübadiləsinin aparılması üçün platforma yaradılmışdı.
ÜST-nin ekspertlərinin çıxışları, müzakirə panelləri, qrup işlərindən ibarət görüşün sonunda iştirakçılar yaxın 12-18 ay üçün nəzərdə tutulan addımları qeyd edərək, birgə əməkdaşlıq çərçivələrini müəyyənləşdirdilər.