19 DECEMBER 2017
“Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda I Milli Konfrans keçirildi (FOTO)
18 dekabr 2017-ci il tarixdə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda I Milli Konfrans təşkil olundu. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın icrası məsələləri, həmçinin son iki il ərzində qeyri-infeksion xəstəliklərlə (QİX) mübarizədə əldə olunmuş nəticələr, bu sahədə olan çətinliklər və qarşıda duran problemlərin aradan qaldırılması məsələləri konfransda geniş müzakirə olundu.
Adı çəkilən Strategiyanın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planına uyğun olaraq Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Tibb Universitetinin (ATU) birgə təşkilatçılığı ilə baş tutan konfransı giriş sözü ilə ATU-nun rektoru professor Gəray Gəraybəyli açdı. O, müxtəlif sahələri təmsil edən mütəxəssislərin bu gün ATU-ya yığışaraq, hazırda bəşəriyyət üçün böyük təhlükə daşıyan qeyri-infeksion xəstəliklərlə bağlı elmi-praktik müzakirənin aparılmasını QİX-lə mübarizədə böyük nailiyyət adlandırdı. Strategiyanın təsdiqindən sonra ötən iki il ərzində əldə olunan nailiyyətlər barədə Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva məlumat verdi: “Strategiyanın icrasını təmin etmək məqsədilə Səhiyyə Nazirliyinin 10 may 2016-cı il tarixli əmri ilə aidiyyəti dövlət orqanlarının nümayəndələri də daxil olmaqla, icra və əlaqələndirici işçi qrup yaradıldı və sektorlararası sıx əlaqə mexanizmi quruldu”. Əhalinin sağlamlığının yaxşılaşdırılması üçün mühüm tədbirlərin həyata keçirildiyini vurğulayan Z. Mustafayeva tibbi xidmətin keyfiyyətinin artırılmasını, bu sahədə informasiya imkanlarının genişləndirilməsini, tədqiqat və monitorinqlərin aparılmasını QİX-lə mübarizədə əsas vəzifələrdən olduğunu bildirdi. Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bu günlərdə MM tərəfindən qəbul olunan “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunu QİX-lə mübarizədə atılmış böyük bir addım adlandırdı. İSİM-in direktoru Ceyhun Məmmədov çıxış edərək, həkimlər və tibb mütəxəssisləri ilə yanaşı, digər sahələrin, qurumların nümayəndələrinin konfransda iştirakını yüksək qiymətləndirdi: “Biz yalnız hamılıqla, bütün səylərimizi birləşdirərək, real nəticələr, uğurlar qazana bilərik. Cənab Prezidentin 2015-ci ildə bu Strategiyanı imzalayaraq bizim qarşımıza qoyduğu məqsədin hədəf və vəzifələrini yalnız hamımız birlikdə, bütün gücümüzü bir məxrəcə yönəldərək həyata keçirə bilərik”. C.Məmmədov onu da diqqətə çatdırdı ki, bu konfrans ölkənin səhiyyə sahəsində ilk dəfədir ki, davamlı tibbi təhsil islahatı çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən akkreditə olunub.
Məlumdur ki, qeyri-infeksion xəstəliklərin yükü dedikdə Azərbaycanda və dünyanın bütün ölkələrində ürək-damar, onkoloji xəstəliklər, şəkərli diabet və ağçiyər xəstəliklərinin profilaktikası və onların yükünün azaldılmasından söhbət gedir və burada multidissiplinar yanaşmanın tətbiqi xüsusi əhəmiyyət daşıyır. Ona görə konfransda bütün aidiyyəti dövlət qurumları, habelə QHT və KİV-lərin nümayəndələri iştirak edirdilər.
Qeyri-infeksion xəstəliklərin profilaktikasına həsr olunmuş konfransın ikinci hissəsi elmi-praktik hissə oldu və burada ölkədə aparılan elmi araşdırmaların, tədqiqatların çarpaz sorğuları, nəticələri ilə ATU, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, İSİM, Milli Onkologiya Mərkəzi, Respublika Endokrinoloji Mərkəzi və digər aparıcı institutların, mərkəzlərin nümayəndələrinin məruzələri, çıxışları dinlənildi. Bu hissədə məhz ürək-damar, onkoloji xəstəliklər, şəkərli diabet və ağciyər xəstəliklərinin profilaktikasına dair məsələlərə xüsusi yer ayrıldı, onların risk faktorları və o cümlədən fiziki aktivliyin olmaması, artıq çəki və piylənmə, duzun həddən artıq istifadəsi və spirtli içkilərdən sui-istifadə hallarının aradan qaldırılması, ümumiyyətlə, qeyri-infeksion xəstəliklərin iqtisadi yükünün azaldılması üçün aparılan tədqiqatlar və araşdırmaların nəticələri geniş müzakirə edildi.
Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.