Qubada “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar" barədə maarifləndirici toplantı keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

8 NOVEMBER 2017

Qubada “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar" barədə maarifləndirici toplantı keçirildi

Səhiyyə Nazirliyinin 20.06.2017-ci il tarixli 45 nömrəli əmri ilə təsdiq edilmiş "Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar" barədə səhiyyə ictimaiyyətini məlumatlandıqmaq məqsədi ilə regionlarda maarifləndirici toplantıların keçirilməsinə start verildi. Bu qəbildən olan ilk toplantı 7 noyabr 2017-ci il tarixdə Quba Müalicə Diaqnostika Mərkəzində baş tutdu.

Mərkəzin həkim personalının iştirakı ilə keçirilən tədbirdə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Kadrlar şöbəsinin müdiri Aris Rüstəmov davamlı tibbi təhsillə bağlı təqdimatla çıxış etdi. O bildirdi ki, qeyd olunan qaydalara əməl olunması əhaliyə göstərilən tibbi yardımın keyfiyyətinə, səhiyyə sistemi resurslarından optimal istifadə edilməsinə müsbət təsir göstərəcək. Bunun üçün isə tibb təhsili prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması vacib şərtdir.

A.Rüstəmov çıxışında qeyd etdi ki, DTT təkmilləşdirmə kursları və toplanma sistemi metodlarından birgə yaxud ayrılıqda istifadə edilməklə DTT-nin kreditləri vasitəsilə həyata keçirilir. Toplanma sistemi həkimin ölkədə və ya beynəlxalq səviyyədə akkreditasiya olunmuş davamlı tibbi təhsil üzrə tədris yaxud elmi tədbirlərdə iştirakı, elmi, pedaqoji, həmçinin müstəqil davamlı tibbi təhsil fəaliyyəti vasitəsilə kredit vahidlərinin yığılması yolu ilə həyata keçirilir.

Təqdimatdan sonra mütəxəssis iştirakçıları maraqlandıran sualları cavablandırdı.

Ümumiyyətlə, səhiyyə müəssisələrinin əməkdaşlarının davamlı tibbi təhsil haqqında maarifləndirilməsi üçün regionlarda bir neçə toplantının keçirilməsi nəzərdə tutulmuşdur. Növbəti toplantıların Sumqayıt, Gəncə, Qazax, Şəki, Lənkəran, Şirvan və Şamaxı rayonlarında keçirilməsi nəzərdə tutulmuşdur.

Bildirək ki, “Davamlı tibbi təhsil üzrə elmi və tədris tədbirlərinin akkreditasiyası Qaydaları” Azərbaycan Respublikasının səhiyyə, elm və təhsil müəssisələri, peşəkar cəmiyyətləri və digər müəssisə və təşkilatları tərəfindən keçirilən davamlı tibbi təhsil üzrə tədris və elmi tədbirlər, proqramların akkreditasiyasını tənzimləyir. BMT-nin təşkilatları, beynəlxalq səviyyədə davamlı tibbi təhsil (DTT) üzrə akkreditasiya olunmuş təşkilat və müəssisələr tərəfindən bilavasitə, yaxud onların təşkilatçılığı ilə Azərbaycan Respublikasında, yaxud xarici dövlətdə keçirilən tədbirlər nazirlik tərəfindən akkreditasiya olunmuş DTT tədbirləri kimi tanınır.

Qeyd edək ki, tədbirlərin akkreditasiyası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən aparılacaq. Akkreditasiya üzrə müraciətlərin qəbulu və rəyin verilməsi elektron məlumat sistemi vasitəsilə həyata keçiriləcək.