25 OCTOBER 2017
STEPS-2017 sorğusu üzrə sahə işləri başa çatdı
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında Azərbaycanda qeyri-infeksion xəstəliklərin (QİX) risk amillərinin öyrənilməsinə dair ölkə ərazisində aparılan tədqiqatın səyyar işləri yekunlaşdı. Səhiyyə Nazirliyinin tapşırığı və ÜST-nin dəstəyi ilə aparılan sorğuda Dövlət Statistika Komitəsi tərəfindən Azərbaycanın 9 iqtisadi zonası (Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran, Lənkəran, Yuxarı Qarabağ və Dağlıq Şirvan) üzrə təyin olunmuş 240 klasterdən ümumi hesabla 2881 ev təsərrüfatı iştirak etdi. Bu işin fəal və produktiv aparılmasında sorğuya cəlb olunan ölkənin bütün şəhər və rayonlarının icra hakimiyyəti orqanları və rayon mərkəzi xəstəxanaları, poliklinikalarının rolu böyük oldu.
Cari ilin avqustun 24-dən etibarən başlanmış sorğu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) işçi qrupu və bu tədqiqat üçün xüsusi olaraq hazırlanmış mütəxəssislər tərəfindən həyata keçirildi. Sahə işləri respublika üzrə əvvəlcədən müəyyən olunmuş marşrut üzrə aparıldı. Hər bir marşrut üzrə komandalar sorğu öncəsi müəyyənləşdirilmiş rayon, kənd, klaster və ev təsərrüfatları haqqında məlumatla, əhalinin maarifləndirilməsi məqsədilə sorğu üçün xüsusi hazırlanmış bukletlər, sorğunun keçirilməsi üçün əldə edilmiş avadanlıqla təmin olunmuşdular.
Sorğu keçirilən zaman sahə koordinatoru tərəfindən monitorinqlər keçirildi. Onlar mütəmadi olaraq yerlərdə 10 qrupdan ibarət (hər qrupda 1 həkim və 1 tibb bacısı) intervüyerlər komandasının işinə nəzarət apardılar.
Sorğu zamanı respondentlərdən sosial-demoqrafik, qidalanma, alkoqolun və tütünün istifadəsi, fiziki aktivlik haqqında suallar təqdim edərək, onlar arasında QİX-in risk amillərini öyrənildi. Onların fiziki göstəriciləri (boy, çəki, qarının və ombanın dairəvi ölçüləri, qan təzyiqinin və nəbzin ölçülməsi) təyin olundu. Verilən məlumatların dəgigliyini təmin etmək üçün biokimyəvi nümunələrin analizi, qan nümunəsi (qanda şəkərin və lipidlərin miqdarını öyrənmək məqsədilə) və sidik nümunəsi (sidikdə sodium və kreatinin miqdarını öyrənmək məqsədilə) götürüldü. Bütün analizlər ÜST-nin verdiyi laborator avadanlıqlar vasitəsilə aparıldı. Gündəlik olaraq sorğu-sual mərhələsində əldə olunan 60 intervüdən ibarət məlumatlar dərhal planşetlər vasitəsi ilə elektron bazaya yüklənildi və onlayn rejimində sorğunun müşahidəçiləri tərəfindən nəzarət aparıldı.
Hazırki sorğu zamanı əldə olunan məlumatların statistik təhlili aparılır. Nəticələri və son hesabat təhlil bitdikdən sonra ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, sorğu ölkə əhalisi arasında QİX-lə bağlı vəziyyəti, respondentlərin ümumi sağlamlıq durumunun araşdırılması məqsədi ilə keçirilən bu sorğu Səhiyyə Nazirliyinin 07.03.2016-cı il tarixli 16 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planı”na uyğun olaraq müntəzəm şəkildə aparılacaq.
Əldə edilən məlumatlar əhalinin sağlamlığının hazırkı vəziyyəti haqqında ümumi təsəvvürün formalaşmasına və gələcək istiqamətlərin müəyyənləşdirliməsinə yardım edəcək.