23 JUNE 2017
Səhiyyə sahəsində inzibati xətalara dair regionlarda tibb işçiləri və əhali arasında maarifləndirmə tədbirləri yekunlaşdı
Hacıqabul, Göyçay, Ucar, Agdaş və Gədəbəy rayonlarının mərkəzi xəstəxanalarının tibb personalı və qeyri-tibb işçiləri, ərazi üzrə səhiyyə müəssisələrinə müraciət edən əhali arasında səhiyyə sahəsində inzibati xətalar və bunlara görə inzibati məsuliyyətə dair iyun ayının 12-dən 17-dək maarifləndirici tədbirlər keçirildi. Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin dəstəyi ilə təşkil olunan maarifləndirici görüşlərdə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) baş hüquqşünası Səbuhi Abdullayev səhiyyə qanunvericiliyi və bununla bağlı son yeniliklər, səhiyyədə inzibati xətalara görə qanunvericiliklə müəyyən olunan cərimələr, icbari tibbi sığorta və publik hüquqi şəxs məsələləri və bir çox digər mövzular üzrə çıxışlar etdi.
Göyçay, Ağdaş və Gədəbəy rayonlarının mərkəzi xəstəxanalarının baş həkimləri və xəstəxanaların idarəetmə heyəti üzvlərinin xüsusi fəallıqla iştirak etdikləri bu tədbirlər, ümumiyyətlə səhiyyə işçiləri tərəfindən böyük maraqla qarşılandı, onların bütün aidiyyəti sualları cavablandırıldı.
Səhiyyə Nazirliyinin “İnzibati xətalara dair baxılan işlər üzrə icraatın gücləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli 12 nömrəli əmrinin 3-cü bəndinə əsasən təşkil olunan tədbirlərdə xəstəxana rəhbərlikləri və tədbir iştirakçıları həm əhali, həm də səhiyyə işçiləri üçün bu cür əhəmiyyətli görüşlərin keçirilməsinə görə Səhiyyə Nazirliyinə və İSİM-ə öz minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, Bakı şəhərinin tibb müəssisələri və respublikanın digər rayon mərkəzi xəstəxanalarında çalışan tibb işçiləri ilə yanaşı, ərazi üzrə səhiyyə müəssisələrinə müraciət edən əhalinin də iştirakı ilə maarifləndirici görüşlərin təşkilinin bu ilin sonunadək davam etdirilməsi nəzərdə tutulur.