28 Maydan başlanan tarixi yol | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

27 MAY 2017

28 Maydan başlanan tarixi yol

Azərbaycan xalqının milli azadlıq mübarizəsinin bəhrəsi olan Azərbaycan Demokratik Respublikası 1918-ci il may ayının 28-də müstəqilliyini bütün dünyaya elan etdi. Əhalinin sağlamlığını və rifahını düşünən demokratik hökumətin ilk qərarlarından biri 1918-ci il iyun ayının 17-də Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar oldu. Nazir vəzifəsinə 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş, ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyli təyin edildi. Hökumət ölkədə səhiyyə sisteminin yaradılması və təşkili işlərinə bilavasitə rəhbərlik edən dövlət icra orqanının qarşısında bir sıra mühüm vəzifələr qoymuşdu. Onlardan ən önəmlisi əhalinin sağlamlığının qorunması üçün lazımı şəraitin yaradılması və antisanitariya ilə mübarizənin gücləndirilməsi idi. Səhiyyə Nazirliyi xarici mühit və məişət şəraiti ilə bağlı mənfi amilləri aradan qaldırmaqla yoluxucu xəstəliklərə, ağır epidemiyalara qarşı profilaktik tədbirlər həyata keçirməyə başladı. Ölkə ərazisində səhiyyə şəbəkəsi sürətlə genişləndirildi, kəndlərdə taun əleyhinə məntəqələr təşkil olundu, xəstəxanalar, müalicəxanalar açıldı, yeni tibb ocaqlarının bünövrəsi qoyuldu. Ttibb müəssisələrini dava-dərmanla, avadanlıqlarla təmin etmək məqsədilə mühüm addımlar atıldı. Bakıda dövlət apteki və onun nəzdində dərmanların, bakterioloji preparatların, müalicə zərdablarının hazırlanması və tibbi-məhkəmə müayinələrinin aparılması üçün analitik laboratoriya təşkil olundu. Səhiyyə tibb-ocaqlarını dərman preparatları və tibb alətləri ilə vaxtında düzgün təmin etmək məqsədilə mərkəzi anbar yaradıldı.

Müstəqillik tariximizin bu şərəfli dövründə iqtisadi-sosial və mədəni həyatda dönüş yaratmaq, bu sahələrdə milli kadrların hazırlığını genişləndirmək məsələsi ön plana çəkilmişdi. Bu məqsədlə bir qrup gənc xarici ölkələrdə təhsil almağa göndərilmişdi. Bir müddət sonra Vətənə ali savadla qayıdan gənclərin arasında tibb mütəxəssisləri də vardı, onlar Azərbaycanda səhiyyə sisteminin təşkilinə və inkişafına, əhalinin sağlamlığının qorunmasına öz töhfələrini verdilər.

Ötən əsrdə, 60-cı illərin sonu, 70-ci illərin əvvəlləri, daha dəqiq desək, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk aylardan başlayaraq Azərbaycanın sosial-iqtisadi, elmi-mədəni həyatında böyük canlanma yarandı. Ümummilli liderin təşəbbüsü ilə 1969-cu ilin dekabrında “Sağlamlıq Məcəlləsi” adlı sənəd qəbul olundu. Bu Məcəllə səhiyyənin gələcək inkişaf istiqamətlərini müəyyən etməklə, qarşıdan gələn illər üçün həm də bu sahədə fəaliyyət planı oldu və səhiyyənin inkişafına əsaslı təkan verdi.

XX əsrin sonunda müstəqilliyinə təkrar qovuşan Azərbaycan yenidən sınaqlarla üz-üzə qalmışdı. Ulu öndər Heydər Əliyev azadlıq yolunda əzmlə addımlayan xalqının köməyinə yetişdi, ölkə rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz bəhrəsini verdi, səhiyyənin səmərəsinin yüksəldilməsi və intensivləşdirilməsi üçün baza yaradıldı. Ölkəmizdə səhiyyənin qanunvericilik bazasını gücləndirən bir sıra qanunlar, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”,

“İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında”, “Tibbi sığorta haqqında” və s. qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi. Azərbaycan ərazisində QİÇS və vərəm xəstəliklərinin yayılmasının qarşısını almaq üçün milli proqramlar işlənib hazırlandı.

Müstəqilliyin ilk illərində səhiyyənin maliyyələşdirilməsi, daha dəqiq desək, ona lazımi səviyyədə maliyyə vəsaiti ayırmaq imkanının olmaması ən çox narahatlıq doğuran problemlərdən biri idi. Məhz buna görə də Heydər Əliyev həm səhiyyəyə əlavə vəsait cəlb etmək, həm də bazar iqtisadiyyatına keçid dövrünü yaşayan ölkəmizdə səhiyyəni bir fəaliyyət növü kimi liberallaşdırmaq üçün özəl səhiyyə sisteminin tətbiqinə şərait yaratdı. Onun bilavasitə göstərişlərinə əsasən bu istiqamətdə hüquqi–normativ baza olan “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu.

Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də ulu öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının səhiyyəmizə diqqət və qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda atdığı mühüm addımlar, ümumiyyətlə, ölkədə həyata keçirilən sosialyönümlü siyasət uğurlu strategiyanın parlaq təzahürüdür. Yeni tikilən, əsaslı təmir olunan, ən müasir avadanlıqlarla təchiz edilən tibb mərkəzləri, tibb işçilərinin təkmilləşməsinə verilən diqqət, gündən-günə yaxşılaşan demoqrafik göstəricilər Azərbaycan dövlətinin və Azərbaycan Prezidentinin əhalinin səhhətinin qorunmasına, gələcək nəsillərin sağlamlığına göstərdiyi qayğının sübutudur. Bu gün səhiyyə müəssisələrində yaradılan maddi-texniki baza, müasir avadanlıq imkan verir ki, Azərbaycanda istənilən ən ağır əməliyyat aparıla bilsin. Hazırda Azərbaycanda ən ağır ürək-damar əməliyyatları, orqan transplantasiyaları aparılır. Yalnız 2016-cı ildə dövlət hesabına 956 xəstəyə 865 açıq, 91 qapalı ürək əməliyyatı icra olunub. O cümlədən, 265 uşağa 219 açıq, 46 qapalı kardiocərrahiyyə əməliyyatı icra edilib. Respublikamızda həyata keçirilmiş kompleks qabaqlayıcı tədbirlər nəticəsində 2016-cı ildə Avropa regionunun əksər ölkələrində, xüsusən, həmsərhəd ərazilərdə ağır gedişli, yüksək ölüm faizi ilə nəticələnən A (H1N1) virusu epidemiyasının ölkəmizə keçməsinin qarşısını alınıb.

Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında səhiyyə sahəsində qarşıda duran başlıca vəzifələrə xüsusi diqqət ayrılıb. Konsepsiyanın müvafiq bölümündə səhiyyəyə ayrılan vəsaitin ümumi daxili məhsulda payının dinamik şəkildə artırılması, həmin vəsaitin səmərəli və məqsədyönlü istifadəsini təmin edən mexanizmlər yaradılması nəzərdə tutulub.

Göründüyü kimi, Azərbaycan Səhiyyə Nazirliyi 1918-ci ildən başlayan tarixi bir yolla düz 99 ildir əzmlə addımlayır, əhalinin sağlamlığının qorunmasına və sosial rifahının yüksəlməsinə öz töhfələrini verir. Sevindirici haldır ki, bu gün müasir Azərbaycanın, müstəqil Azərbaycan Respublikasının tibb sahəsində yeni-yeni nanotexnolgiyalı, yüksək innovasiyalı müalicə-diaqnostika müəssisələrinin sayı və yüksək ixtisaslı tibbi personalın xüsusi çəkisi durmadan artır...