17 MAY 2017
Taksi sürücüləri “Yol nəqliyyat hadisələri zamanı ilk yardım” mövzusunda təlimatlandırıldı
17 may 2017-ci ildə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Azərbaycan Milli Avtomobil Klubu (AMAK), FİA Foundation, British Embassy Bakunun təşkilatçılığı ilə taksi sürücüləri üçün “Yol nəqliyyat hadisələri zamanı ilk yardım” mövzusunda təlimlər keçirildi.
BMT-nin Qlobal Yol Təhlükəsizliyi üzrə 4-cü həftəsi çərçivəsində keçirilən təlimlərdə sürət həddinin aşılması ilə yaranan təhlükələrə, ölüm və xəsarət səbəbi olan yol qəzaları kimi problemə xüsusi diqqət yetirildi.
İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin həkim-metodisti Şəhla Mirzəzadə 70 taksi sürücüsünün iştirak etdiyi təlimlərdə yol təhlükəsizliyinin təmin olunması və yol mədəniyyətinin artırılmasının yol qəzalarının qarşısının alınması istiqamətində atılan mühüm fəaliyyətlərdən biri olduğunu qeyd etdi. Həkimin sözlərinə görə, bu səpkidə keçirilən maarifləndirmə və məlumatlandırma həmin fəaliyyətlərin əsasını təşkil edir.
İnteraktiv formatda keçirilən təlimdə daha sonra yol nəqliyyat hadisələri zamanı təcili olaraq ilk yardım briqadası gələnə kimi xəsarət alan şəxsə göstərilməsi vacib olan yardımlar əyani olaraq təlim iştirakçılarına göstərildi.
Taksi sürücülərinin böyük marağına səbəb olan təlimin praktiki hissəsi tədbirin ən yadda qalan məqamlarından oldu. Sonda isə təlim iştirakçıları hamılıqla belə təlimlərin keçirilməsinin çox faydalı olduğunu və bir daha bu mövzu ilə əlaqədar təlim təşkil etməyi təşkilatçılardan xahiş etdilər.