20 sentyabr – Beynəlxalq Uşaqların Boy artımı haqqında Maarifləndirmə Günüdür | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

20 SEPTEMBER 2020

20 sentyabr – Beynəlxalq Uşaqların Boy artımı haqqında Maarifləndirmə Günüdür

Uşağınızın boy artımı normaldır? Diqqət yetirək, çünki uşağın böyüməsi onun ümumi sağlamlığının əsas əlamətidir!

Beynəlxalq Uşaqların Boy artımı haqqında Maarifləndirmə Günü ICOSEP və üzvləri tərəfindən uşağın böyüməsi ilə bağlı əhalini məlumatlandırmaq üçün qlobal bir maarifləndirmə təşəbbüsüdür. Bu günün qeyd olunmasında əsas məqsəd – baş verə biləcək hər hansı problemi vaxtında aşkar etməyin və lazımı ölçü götürməyin ən yaxşı vasitə olduğunu ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən, ölkəmizdə sağlamlıq imkanları məhdud olan uşaqların erkən aşkarlanaraq tibbi müalicənin aparılması ilə fiziki inkişafdan geri qalmanın və əlilliyin qarşısının alınması istiqamətində müxtəlif profilaktik tədbirlər, seminarlar təşkil olunub.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə Gəncə, Quba, Şəki, Lənkəran, Sabirabad, Biləsuvar və digər bölgələrdə keçirilən “Uşaqlarda boy problemləri” mövzusu üzrə seminarlardan sonra Bakı şəhərində yekun konfrans keçirilib. Konfransda bir daha vurğulanıb ki, uşaqlarda yaranan boy problemləri ciddi məsələdir və bu məsələdə həm həkimlər, həm də valideynlər məsuliyyətli olmalı, gənc nəslin sağlam inkişafına həssaslıqla yanaşmalıdırlar.

Valideynlərin nəzərinə çatdırılıb ki, uşaqlarda boyun mütəmadi ölçülməsi və illik qeydiyyatın aparılması vacibdir, bu, xəstənin düzgün diaqnoz qoyulması və idarə olunmasını təmin etmək üçün mühüm əhəmiyyət daşıyır.

Həkimlərin bu sahədə daha məlumatlı olmasını təmin etmək məqsədi ilə bu sahədə aparıcı mütəxəssislər, pediatr və endokrinoloqların iştirakı ilə metodik vəsait hazırlanaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən 2019-cu ildə təsdiq olunub. İSİM tərəfindən tərtib olunan vəsait sahə pediatrları, endokrinoloqlar, ailə həkimləri və bu ixtisaslar üzrə təlimlərini davam edən rezidentlər üçün nəzərdə tutulub.

Xatırladaq ki, uşaqların boy artımı bir neçə səbəbdən normal inkişaf etmir: onların boyu yaşıdlarına nisbətən ya çox qısa olur, ya da həddindən artıq uzun. Bu səbəblər əsasən üç qrupa bölünür: böyümə prosesinin özü ilə əlaqədar problemlər, qidalanma və ya uzunmüddətli xəstəlik kimi xarici amillərin yaratdığı problemlər, yaxud naməlum faktorların təsiri ilə yaranan səbəblər, idiopatik böyümə xəstəlikləri.

Qısa və ya çox hündür boy böyümə vəziyyətinin ən çox nəzərəçarpan əlamətlərindən biri olsa da, uşağa təsir edə biləcək bir sıra digər simptomlar və problemlər də var. Hər bir vəziyyət fərqli simptomlar göstərsə də, ümumiyyətlə, ağrı, yorğunluq, oynaq və ya çəki kimi problemlərə rast gəlinir. Fiziki inkişafın fəsadları ağciyər, ürək və böyrəklər, həmçinin digər toxuma və orqanların inkişafı ilə bağlı problemlərə səbəb ola bilər.

Əgər uşağınızın boy artımından narahatsınızsa, onda əlamətlərə diqqətlə yanaşmağın əsl zamanıdır. Uşağınız həmyaşıdlarından, ya da bacı-qardaşlarından çox qısadırsa, çox vaxt faktiki yaşından balaca olduğu zənn edilirsə və il ərzində ən azı 5 sm böyümürsə (5 yaş və yetkinlik arasında), onda həkimə müraciət edin.

Çünki YAXŞI BOY ARTMA – SAĞLAMLIQ deməkdir!