İSİM tərəfindən növbəti sağlamlıq forumu Səbail rayonunda keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

20 MAY 2016

İSİM tərəfindən növbəti sağlamlıq forumu Səbail rayonunda keçirildi

2016-cı il mayın 20-də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) və “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı və Bakı şəhərinin Rayon İcra Hakimiyyətlərinin, rayon Gənclər və İdman İdarələrinin texniki dəstəyi ilə növbəti sağlamlıq forumu keçirildi.

Bakının Səbail rayonunda yerləşən məktəblərin müəllim-şagird heyətinin iştirakı ilə keçirilən forum “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın icrası üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəaliyyət Planına əsasən həyata keçirilib.

İSİM-in Səhiyyə Kommunikasiyası və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Aynur Rəşidova toplantıda çıxış edərkən ölkəmizdə gənclərin sağlam inkişafı naminə görülən davamlı işlər barədə danışdı.

Tədbirin digər iştirakçısı Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisi Dilşad Mahmudova  xəstəliklərin erkən profilaktikasının vacibliyindən danışaraq hamını sağlam həyat tərzini seçməyə çağırdı.

İSİM-in Təlim-Resurs şöbəsinin əməkdaşı Leyla Eyvazova tütünün dünyada yayılmasının tarixinə xronoloji nəzər yetirdi, tütünçəkməyə başlama səbəblərindən, tütün tüstüsünün insan orqanizminə ciddi təsirindən, aktiv və passiv tütünçəkmə nəticəsində yaranan xəstəliklərdən bəhs etdi.

Erkən nikah hallarının gənc ailələrdə yaradan problemlər, məişət zorakılığının qarşısının alınması mövzusunda İSİM-in ictimaiyyətlə əlaqələr üzrə meneceri Nərmin İlyasova təqdimat etdi.

Təqdimatların sonunda mövzular üzrə videoçarxlar izlənildi, İSİM tərəfindən hazırlanmış maarifləndirmə materialları paylanıldı.

Bakı şəhərinin 7 rayonunda keçirilməsi nəzərdə tutulan sağlamlıq forumlarına 2016-cı il mayın 5-də Bakının Nərimanov rayonunda yerləşən Bakı Modern Məktəbində başlanılıb. Mayın 13-də isə Bakı şəhəri Nəsimi rayonunda yerləşən 240 nömrəli məktəbdə, mayın 17-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında növbəti sağlamlıq forumu keçirilib.