Gənclər erkən nikah və məişət zorakılığının təsirləri barədə məlumatlandırıldılar | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

26 APRIL 2016

Gənclər erkən nikah və məişət zorakılığının təsirləri barədə məlumatlandırıldılar

2016-cı il aprelin 26-da Gəncliyə Yardım Fondunda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən erkən nikah və məişət zorakılığının təsirləri barədə dəyirmi masa təşkil olundu. Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2011-ci il tarixli 537 nömrəli Fərmanının icrası ilə bağlı “Məişət zorakılığının qarşısının alınması üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı”na uyğun olaraq keçirilən dəyirmi masada Bakı şəhəri üzrə ali təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatı və qeyri-hökumət təşkilatlarının fəal gəncləri iştirak etdilər.

Giriş sözü ilə çıxış edən İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynur Rəşidova erkən nikah və məişət zorakılığının profilaktikasına diqqətin artırılması məqsədilə keçirilən belə tədbirlərin əhəmiyyətini vurğuladı. İctimai səhiyyənin problemlərindən biri kimi bu mövzuda da İSİM tərəfindən maarifləndirmə materiallarının hazırlandığını və aidiyyəti üzrə paylanıldığını nəzərə çatdırdı.

“Cəmiyyətdə erkən nikah problemi” mövzusunda çıxış edən İSİM-in sosioloqu Ayşəm Balayeva zorakılığın əsas səbəblərindən olan erkən və məcburi nikahın təsirlərinə diqqəti çəkdi: “Erkən nikah 18 yaşı olmayan həm oğlanın, həm də qızın sağlamlığına, gələcək həyatına ciddi mənfi təsirlər göstərə, ailədaxili zorakılığa səbəb ola bilər. Məcburi nikah ailə qurmağa məcbur edilmə deməkdir. Qarşılıqlı istək olmadan qurulmuş ailələr çox vaxt tez dağılır, həmin ailələrdə zorakılıq halları və boşanmalar tez-tez baş verir”. Erkən nikahın səbəblərini sadalayan məruzəçi bu problemin aradan qaldırılması üçün vacib olan tədbirlərə nəzər yetirdi.

İSİM-in həkim-metodisti Nərgiz Kərimova isə erkən nikahların tibbi aspektlərindən söhbət açdı: “Gənc analarda doğuşdan sonra depressiya halları yetkin yaşda analara nisbətən daha tez-tez baş verir. Erkən yaşda hamiləlik, hamiləliyin pozulması və doğuşlar dünyada ana və uşaq ölümünün əsas səbəblərindən biri hesab olunur.” Məruzəçi həmçinin problemin həlli ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qarşıya qoyduğu məqsədləri diqqətə çatdırdı.

Məişət zorakılığının mənfi təsirləri barədə İSİM-in ictimaiyyətlə əlaqələr üzrə meneceri Nərmin İlyasova təqdimat etdi: “Ailə zorakılığı dünyada geniş yayılan faktorlardan biridir. Bu ciddi problemin qurbanlarının 95%-i qadınlar olur ki, onların da fundamental insan hüquqları pozulur. Azərbaycanda zorakılıq qurbanlarının 75%-i hüquq-mühafizə orqanlarına müraciət etmirlər. Bunun əsas səbəbi isə milli adət-ənənələrdir.”

Təhlükə anında insanların müraciət edə biləcəkləri müvafiq təşkilatların qaynar xətt və əlaqə nömrələrini nəzərə çatdıran məruzəçi gəncləri öz hüquqlarından xəbərdar olmağa çağırdı.

Təqdimatlara əlavə olaraq, erkən nikah və məişət zorakılığının mənfi təsirlərini özündə əks etdirən videoçarxlar izlənildi. Gənclərə İSİM tərəfindən hazırlanmış maarifləndirmə materialları paylanıldıqdan sonra maraqlı suallar ətrafında fikir mübadiləsi aparıldı.