İSİM-də növbəti təşkilatlararası iclas keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

10 FEBRUARY 2016

İSİM-də növbəti təşkilatlararası iclas keçirildi

2016-cı il fevralın 10-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) növbəti təşkilatlararası iclas keçirildi. İclasda İSİM, BMT-nin Uşaq Fondu (UNİCEF), ÜST-nin Azərbaycan nümayəndəliyi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Dünya Bankı, Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri iştirak etdilər.

İSİM-in direktoru Ceyhun Məmmədov yerli və beynəlxalq təşkilatlarla birgə həyata keçirilən layihələr barədə məlumat verdi. Bildirdi ki, İSİM-də neonatal reanimasiya və mamalıqda təkmilləşdirilmiş təxirəsalınmaz yardım üzrə təlimlər keçirilib, gender zorakılığı ilə bağlı tədris materialı, 5 yaşadək sağlam uşaqların qidalanmasına dair rəhbər vəsait hazırlanıb. Həmçinin “Sağlamlıq portalı”nın yaradılaraq əhalinin ixtiyarına verildiyini vurğuladı. Ana və uşaq sağlamlığı sahəsində, səhiyyədə idarəetmə və səhiyyə menecerlərinin hazırlanması istiqamətində layihələrin keçirildiyindən bəhs edən direktor hazırda Gənclər arasında Tütündən İstifadənin Qlobal Tədqiqatı layihəsinin gerçəkləşdirildiyini diqqətə çatdırdı.

BMT-nin Uşaq Fondunun Gənclərin və yeniyetmələrin inkişafı proqramının mütəxəssisi Natiq Umarov İSİM-lə birgə ana və uşaqların sağlamlığının yaxşılaşdırılması istiqamətində əhalinin bilik səviyyəsinin artırılmasına yönəldilmiş ünsiyyət planının hazırlandığını bildirdi. Həmçinin diridoğulmanın beynəlxalq meyarlarının doğum evlərində tətbiqinin monitorinqinin aparıldığından, ölkədə anemiyanın qarşısının alınması məqsədilə qidaların xüsusilə dəmirlə zənginləşdirilməsi ilə bağlı layihənin həyata keçirildiyindən söhbət açdı. Məruzəçi ölkə tərəfindən alınan yeni peyvəndlər barədə də məlumat verdi. BMT-nin Uşaq Fondunun 2016-2020-ci illəri əhatə edən ölkə proqramının da hazırlandığını diqqətə çatdırdı.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Nərmin Osmanlı Azərbaycanda təşkilatın səhiyyə sahəsində görülən işlərindən bəhs etdi. İlk yardım, yol təhlükəsizliyi və qeyri-infeksion xəstəliklərin profilaktikası üzrə maarifləndirmə tədbirləri barədə isə iştirakçıları Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibinin müavini Səbinə Məhbubi-İran məlumatlandırdı.

Azərbaycana Birgə Yardım Təşkilatının nümayəndəsi Ülviyyə Mirzəyeva icma əsaslı reabilitasiya mərkəzlərinin fəaliyyətindən, regionlarda poliklinikalarda erkən müdaxilə kabinetlərinin təşkili ilə əlaqədar keçiriləcək layihədən söhbət açdı. Dünya Bankının səhiyyə mütəxəssisi Elvira Anadolu birgə əməkdaşlıq sayəsində gələcəkdə mümkün olan layihələrdən bəhs etdi. ÜST-nin Azərbaycan nümayəndəliyinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova qeyri-infeksion xəstəliklər, vərəm və İİV-lə bağlı həyata keçirilən layihələrə nəzər saldı.

Sonda maraqlı suallar ətrafında fikir mübadiləsi aparıldı.