• “Sağlamlığı təşviq edən Məktəblər” şəbəkəsinin tətbiqinə dair seminarlara başlandı (FOTO)
  • İSİM-də Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
  • İSİM-də şagirdlərə sağlam qidalanma vərdişlərinin aşılanmasına dair tədbir keçirildi (FOTO)
  • Gəncə məktəbliləri İSİM-in Sağlam Qidalanma Forumuna qatıldılar (FOTO)
  • İSİM-in “Tütünsüz dünya yarat” aksiyası keçirildi (FOTO)

XƏBƏRLƏR bütün xəbərlər

29 APREL 2016

İSİM-in nümayəndələri Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının həyata keçirilməsi məsələləri üzrə Avropa Regional Müşavirəsində iştirak etdilər

2016-cı il aprelin 28-29-da Türkmənistanın paytaxtı Aşqabad şəhərində Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyasının həyata keçirilməsi məsələləri üzrə Avropa Regional Müşavirəsi keçirildi. Müşavirənin məqsədi Avropa ölkələrində tütünlə mübarizə sahəsində əldə olunmuş nailiyyətlərin və 2025-ci ilə kimi tütünün istehlakının azaldılması istiqamətində qarşıya qoyulan qlobal vəzifələrin müzakirə edilməsi idi. ÜST-nin Avropa Regional Bürosu tərəfindən təşkil olunan müşavirədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktor müavini Rahib Məmmədov və Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev iştirak etdilər.

Müşavirədə vurğulandı ki, hər il tütünün törətdiyi xəstəliklər nəticəsində dünyada altı milyonadək insan vəfat edir. Son illər Avropa ölkələrində tütünçəkməyə qarşı rəsmi səviyyədə sərt tədbirlər görülür. Panel müzakirələr tütünlə mübarizədə daha aktual olan məsələlərə həsr olundu. Əsas diqqət tütün sənayesinin səhiyyə siyasətinin qurulması prosesinə müdaxiləsi, “Tütün məmulatlarının qeyri-qanuni ticarətinin aradan qaldırılması haqqında” Protokol, Çərçivə Konvensiyasının tam həyata keçirilməsi üçün bütün üzv ölkələrin iştirakı ilə qəbul edilmiş 2015-2025-ci illər üzrə Fəaliyyət Planı ilə bağlı mövzulara yönəldildi. Avropa regionunu tütündən asılılıqdan, tütündən istifadə ilə bağlı xəstəlik və ölüm hallarından azad etmək istiqamətində ölkə təcrübələrinə nəzər yetirildi.

Ölkə nümayəndələri bilik və təcrübə mübadiləsi apararaq tütünə nəzarətin səmərəliliyinin artırılması yollarını müzakirə etdilər. İSİM-in direktor müavini Rahib Məmmədov Azərbaycanda tütünlə mübarizədə həyata keçirilən tədbirlərdən söhbət açdı. Bildirdi ki, Azərbaycanda da tütünçəkmənin məhdudlaşdırılması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların, yeniyetmələrin, gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəliyin profilaktikası, tütün məmulatlarının istehlakının zərərli təsirinin azaldılması məqsədini daşıyır. Vacibdir ki, bu tədbirlər bəşəriyyətin tütün məmulatlarının istehsalını, satışını və istifadəsini tənzimləyən ilk beynəlxalq razılaşması olan Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının müvafiq maddələrinin həyata keçirilməsinin rəhbər prinsipləri nəzərə alınaraq reallaşdırılsın. “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın icrası üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəaliyyət Planına əsasən görülən tədbirlər buna geniş imkanlar və böyük zəmin yaradır.

İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev Türkmənistan televiziyasına müsahibə verərək ölkəmizin tütünlə mübarizə istiqamətində nailiyyətləri və uğurlu təcrübələri barədə məlumat verdi.

Beləliklə, müşavirə tərəfdaş ölkə nümayəndələri üçün görüşmək, bilik və bacarıqları təkmilləşdirmək və tütünə nəzarət üzrə ən uğurlu təcrübələri bölüşdürmək üçün imkan yaratdı.