Səhiyyə Nazirliyi ilə UNICEF arasında imzalanmış birgə Fəaliyyət Planı çərçivəsində ana və uşaq sağlamlığı və qidalanması sisteminin gücləndirilməsi ilə bağlı İSİM-ə həvalə edilmiş fəaliyyətlərə yekun vuruldu | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

29 FEVRAL 2016

Səhiyyə Nazirliyi ilə UNICEF arasında imzalanmış birgə Fəaliyyət Planı çərçivəsində ana və uşaq sağlamlığı və qidalanması sisteminin gücləndirilməsi ilə bağlı İSİM-ə həvalə edilmiş fəaliyyətlərə yekun vuruldu

Azərbaycanda ana və uşaq sağlamlığının yaxşılaşdırılması, ana və uşaq ölümünün azaldılması, qadınlara və uşaqlara göstərilən tibb xidmətlərinin, o cümlədən antenatal, perinatal və doğuşayardım, doğuşdan sonrakı xidmətlərin keyfiyyətinin artırılması istiqamətində genişmiqyaslı tədbirlər görülür. Bu tədbirlərə respublika üzrə 7 perinatal mərkəzin yaradılması, onların göstərilən xidmət səviyyəsinə uyğun olaraq avadanlıq və dərman preparatları ilə təchiz edilməsi, kadrların peşəkarlığının artırılması məqsədi ilə həkimlər və orta tibb işçiləri üçün müxtəlif təlimlərin təşkili daxildir. 2015-ci il yanvarın 1-dən Azərbaycanda yeni diridoğulma meyarlarının tətbiqinə başlanıldıqdan sonra da bu istiqamətdə işlər davam etdirilir.

2015-ci il noyabrın 18-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) diridoğulmanın beynəlxalq meyarlarının tətbiqi ilə bağlı müxtəlif ölkələrin təcrübəsinin öyrənilməsinə həsr olunmuş seminar keçirilib. BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyi ilə birgə keçirilən seminarda həkim-neonatoloqlar, pediatrlar, reanimatoloqlar iştirak ediblər.

“Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planına və Səhiyyə Nazirliyi ilə BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyi arasında imzalanmış birgə Fəaliyyət Planına müvafiq olaraq, İSİM-ə bir neçə istiqamətdə fəaliyyətin həyata keçirilməsi həvalə edilib. Bu fəaliyyət beynəlxalq diridoğulma meyarlarına keçidlə bağlı ünsiyyət planının hazırlanması, doğuşayardım müəssisələrinin fəaliyyətinin monitorinqi və anemiyanın azaldılması məqsədilə məlumat paketinin hazırlanmasını əhatə edib.

Fəaliyyət çərçivəsində ictimai maarifləndirmə tədbirləri təşkil olunub. 2015-ci ilin dekabr ayında Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Qızlar Universiteti, 1 №-li Bakı Tibb Kolleci və 2 №-li Bakı Baza Tibb Kollecində tələbə heyəti ilə bu mövzuda görüşlər keçirilib. Növbəti maarifləndirmə tədbirləri 2016-cı ilin yanvar ayında Bakı şəhərinin 1, 2, 7, 8, 9 saylı qadın məsləhətxanalarının həkimləri və hamilə qadınlar arasında keçirilib. Yanvarın 27-də İSİM-də kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq keçirilib. Brifinqdə kütləvi informasiya vasitələrindən Azərbaycan Dövlət İnformasiya Agentliyi – AzərTAc, Azəri-Press Agentliyi (APA), “SalamNews” İnformasiya Agentliyi, “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyi, “lent.az”, “AzVision.az” internet saytları, “Xəzər”, “ATV” və “CBC” telekanallarının nümayəndələri iştirak ediblər. Səhiyyə Nazirliyi, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, BMT-nin Uşaq Fondu və İSİM-in mütəxəssisləri tərəfindən mövzu ətrafında təqdimatlar edilib və jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Maarifləndirmə tədbirlərində mövzunu əhatə edən bir sıra məlumatlandırıcı və maarifləndirici çap materialları paylanılıb. Fəaliyyət çərçivəsində telekanallarda mütəxəssislərin çıxışları təşkil olunub, reportaj və süjetlər hazırlanıb. Eləcə də diridoğulma, ana və uşaq sağlamlığı, erkən doğuşun qarşısının alınması, dünyaya sağlam körpənin gətirilməsi üçün maarifləndirmə xarakterli videoçarx hazırlanıb. Videoçarxın müxtəlif tədbirlərdə və TV kanalları vasitəsilə yayımlanması planlaşdırılır.

Eyni zamanda yeni meyarlara keçidlə bağlı Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran və Qubanın seçilmiş doğuşayardım tibb müəssisələrində monitorinq həyata keçirilib. Monitorinqin keçirilməsində məqsəd 2015-ci il ərzində yeni diridoğulma meyarlarının tətbiqi ilə ilkin nəticələrin təhlili, doğuşayardım tibb müəssisələrinin bu sahədə üzləşdikləri problemlər və çətinliklərin öyrənilməsi, onların yeni diridoğulma meyarlarına hazırlıq səviyyələrinin qiymətləndirilməsi olub. Fevralın 11-də İSİM-də Yeni diridoğulma meyarlarına keçidlə bağlı doğuşayardım müəssisələrinin monitorinqi üzrə yekun hesabatın təqdimatı keçirilib. Təqdimatda Səhiyyə Nazirliyi, İSİM və monitorinqin keçirildiyi doğuşayardım müəssisələrinin baş həkimləri iştirak edərək belə monitorinqlərin aparılmasının ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına yönəldilmiş zəruri addım kimi dəyərləndiriblər.

Həmçinin Azərbaycanda anemiya və DDA problemi haqqında məlumat vermək, bu xəstəliyin profilaktikasında unun zənginləşdirilməsinin rolunu açıqlamaq və həlli yollarını göstərmək, DDA probleminin həllində unun zənginləşdirilməsi məsələsini yenidən ölkənin siyasi və ictimai gündəminə gətirmək məqsədilə “Unun zənginləşdirilməsinin dəmir defisitli anemiya (DDA) ilə mübarizədə əhəmiyyətli rolu” adlı məlumat paketi hazırlanıb. Məlumat paketi qərarverici müvafiq dövlət orqanlarının, səhiyyə idarəedici orqanlarının, elmi-tədqiqat müəssisələrinin rəhbərləri və qida sənayesində çalışan sahibkarlar üçün nəzərdə tutulub. Gələcəkdə məlumat paketi metodik vəsait şəklində hazırlanaraq aidiyyəti müəssisələrə paylanılacaq.

Fəaliyyət Planı çərçivəsində məlumatlandırma, təlimatlandırma və maarifləndirmə tədbirləri vasitəsi ilə Azərbaycanda vaxtından əvvəl doğuşların (hamiləliyin 22-37 həftələrində baş verən doğuşların) azaldılması və hamiləliyin 22-37 həftələrində doğulan uşaqların ölüm hallarının azaldılması məqsədilə kommunikasiya tədbirlərinin həyata keçirilməsi də nəzərdə tutulub.